MƏDƏNİYYƏT


23 iyul Xalq Rəssamı Maral Rəhmanzadənin doğum günüdür

Bakı, 23 iyul (AZƏRTAC, Arzu Rəcəbova). Xalq Rəssamı Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Mərdəkan kəndində zərgər ailəsində anadan olub. Tanınmış rəssam bacı və qardaşları ilə birlikdə yaradıcı mühitdə tərbiyə alıb. Onun boya-başa çatdığı ailədə Azərbaycan incəsənətinin qədim ənənələri qayğı ilə qorunur, nəsildən-nəslə ötürülürdü.

1930-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olan M.Rəhmanzadə daha sonra təhsilini V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda davam etdirir.

1940-cı ildə institutu bitirən qrafika ustası Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında işə düzəlir. 1941-ci ildə rəssamın atası repressiyaya məruz qalır, onu xalq düşməni elan edirlər. Altı ay sonra o, Daşkənd həbsxanasında vəfat edir. M.Rəhmanzadə Moskvada işini buraxıb Bakıya qayıtmalı və yaradıcılıq fəaliyyətini burada davam etdirməli olur.

M.Rəhmanzadənin “Bizim Xəzərdə”, “Azərbaycan qadınları”, “Doğma Vətənim”, “Sumqayıt–Rustavi” və s. əsərləri dünyanın müxtəlif ölkələrində 50-dən çox sərgidə nümayiş etdirilib.

İstedadlı rəssam öz əsərlərində doğma diyarın misilsiz gözəlliyini – əzəmətli Naxçıvan dağlarını, bol bəhrəli Quba bağlarını, qədim Lənkəran meşələrini, dağların qoynunda gizlənən Xınalıq kəndini tərənnüm edib.

M.Rəhmanzadə əsərlərində qadın bədəninin gözəlliyini qabardan milli geyimləri təsvir etməyi daha çox sevirdi. Onun tablolarındakı kənd qızları yaraşıqlı və şəndir. Zərgər qızı Maral Rəhmanzadə milli libasları böyük sevgi və bacarıqla zərgərlik məmulatı ilə tamamlayırdı. Rəssam qadın obrazlarını “Odlar Yurdunun qızları”, “Üç çiçək” və “Mənim bacılarım” əsərlərində canlandırıb.

Rəssam M.S.Ordubadinin “Qılınc və qələm”, M.F.Axundzadənin “Aldanmış kəvakib”, A.S.Puşkinin “Yevgeni Onegin” və M.Y.Lermontovun “Zəmanəmizin qəhrəmanı” əsərlərinə illüstrasiyaların da müəllifidir.

“Azərbaycan neft ölkəsidir”, “Bizim Xəzərdə” və “Avtoportret” tabloları rəssamın ən məşhur əsərləridir.

M.Rəhmanzadə 2008-ci il martın 18-də vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.