CƏMİYYƏT


23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının peşə bayramıdır

Bakı, 23 may, AZƏRTAC

23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) əməkdaşlarının peşə bayramıdır. Nazirlik ölkəmiz müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə yaradılıb. ETSN əməkdaşlarının peşə bayramı isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 may 2007-ci il tarixli Sərəncamı ilə təsis edilib.

AZƏRTAC xəbər verir ki, ETSN Azərbaycan ərazisində, həmçinin Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, hidrometeoroloji proseslərin müşahidəsi və proqnozlaşdırılması istiqamətində dövlət siyasətini həyata keçirir. İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi nazirliyin qarşısında duran başlıca məsələlərdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına, hidrometeorologiyanın inkişafına dair milli proqramlar uğurla yerinə yetirilir. Dövlət başçısının “Ekologiya ili” elan etdiyi 2010-cu ildə bu sahəyə diqqət daha da artırılıb, görülən işlər bütün ölkəni əhatə edib və davamlı xarakter alıb. Həmin il yaşıllaşdırma kampaniyaları da geniş vüsət almağa başlayıb, 14 milyona yaxın ağac əkilib, yeni parklar salınıb. Prezident İlham Əliyevin bu kampaniyada iştirakı isə ətraf mühitə xüsusi diqqətin göstəricisi idi.

Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də təbiətin mühafizəsi və zənginləşdirilməsinə böyük töhfələr verir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində hektarlarla sahə yaşıllaşdırılıb, abadlaşdırılıb. Bu xoşməramlı missiyaya bütün ölkə vətəndaşları qoşulub.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü – IDEA-nın təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci ilin iyulundan (12 iyul 2011-ci il) fəaliyyətə başlayan IDEA – Ətraf Mühit Kampaniyası ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən işlərin məntiqi davamı kimi qiymətləndirilə bilər.

Ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli, yaşıllaşdırma, yeni meşələrin salınması bu gün də dövlətin prioritetləri sırasındadır. Yeni parkların yaradılması işi də uğurla davam etdirilir. 2018-ci ilin mayın 10-da Prezident İlham Əliyev, Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva və ailə üzvləri Qala-Türkan magistral avtomobil yolunun ətrafındakı yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə ağacəkmə aksiyasında iştirak ediblər. Aksiyada 7 minə yaxın ağac əkilib. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, ümumilikdə, 2008-2018-ci illərdə ölkənin əsas magistral avtomobil yolları boyunca 4443 hektar sahədə salınan yaşıllıqlarda 5 milyon 436 min müxtəlif növ ağac və kol bitkiləri əkilib.

Ekoloji layihələr Azərbaycanın regionlarını da əhatə edir. Əhalinin təmiz su ilə təminatının yaxşılaşdırılması üçün də əməli işlər görülür. Təsadüfi deyil ki, milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri, məhz ətraf mühitin mühafizəsi və insanların sağlam təbii mühitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.