23 MAY - AZƏRBAYCAN EKOLOQLARININ PEŞƏ BAYRAMIDIR
AZƏRTAC xəbər verir ki, mayın 23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramını qeyd etmişlər.
Nazirliyin işçiləri Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmiş, ulu öndərin məzarı önunə əklil qoymuşlar.
Ekoloqlar tanınmış alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər güllər düzmüşlər.
Bayram münasibətilə nazirlikdə təşkil olunmuş tədbirdə nazir Hüseynqulu Bağırov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq ölkəmizdə ikinci ildir ki, 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Nazir vurğulamışdır ki, ölkə Prezidentinin rəhbərliyi altında son bir neçə ildə ekoloji vəziyyətin sağlamlaşdırılması sahəsində ardıcıl və məqsədyönlü işlər görülmüşdür. Son 5 ildə respublikada 8 milli park, 4 qoruq, 3 yasaqlıq yaradılmış, 5 mövcud qoruğun ərazisi genişləndirilmiş, 3 təbiət abidəsinin mühafizəsi təşkil edilmişdir.
H.Bağırov bildirmişdir ki, təbiətin qorunması, insanların sağlam mühitdə yaşaması və təbii sərvətlərdən xalqın rifahının yaxşılaşdırılması naminə istifadəsi məsələsi hazırda ölkədə aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur.
Milli Məclisin sədr müavini, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Valeh Ələsgərov ekoloqları təbrik etmiş, Prezidentin Sərəncamı ilə nazirliyin 12 əməkdaşının ətraf mühitin qorunmasındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmasını dövlətin bu sahəyə qayğıkeş münasibəti kimi qiymətləndirmişdir.
Təltif olunan şəxslər dövlətin onlara göstərdiyi diqqətə görə minnətdarlıqlarını bildirmişlər.
Sonda nazirliyin 10 əməkdaşına fəxri fərmanlar verilmişdir.
######
![]() |
![]() |

