CƏMİYYƏT
Guido Ambroso: İnsan hüquqları və bərabərliyin təmini sahəsində mübarizə davam edir
Bakı, 9 dekabr, AZƏRTAC
1948-ci ildə BMT-nin Baş Məclisi tərəfindən İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin qəbulu və dövlətlərin ona əməl etməsi sayəsində milyonlara insanın hüquqları qorunub saxlanılıb və daha layiqli dünya formalaşıb. Əldə edilmiş irəliləyiş o demək deyil ki, insan hüquqları və bərabərliyinin təmin edilməsi sahəsində mübarizə bitir. Dünya çoxsaylı çağırışlarla üzləşir. Yetmiş beş il keçsə də insan hüquqları haqqında Bəyannamə bizlərə yol göstərən mayakdır.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin rezident əlaqələndiricisi Guido Ambroso İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə deyib.
Qarşıda duran hədəflərdən bəhs edən G.Ambroso bildirib: “İnsan hüquqlarının universallığını bərpa etməli, gəncləri ilhamlandıran yeni yollar tapmalıyıq. Bəşəriyyətin dəyərləri yaddan çıxarsa, biz daha böyük problemlərlə üzləşə bilərik. Bəyannamə hər hansı bir çətinlik olmadan hər kəsi daha inklüziv dünyaya addımlamağa sövq edir. Çünki o, fərqli fərdləri bir araya gətirərək bütün bəşəriyyət üçün eyniliyi təşviq və təbliğ edir”.