REGİONLAR
Onun əsərləri hər baxan üçün doğmalaşır
Sumqayıt, 9 dekabr, AZƏRTAC
1967-ci il idi və bizə gənc rəssamların Bakıda təşkil olunacaq sərgisində iştirak edəcəyimiz deyiləndə inana bilmirdim. Həmin sərgidə hələ o vaxt əfsanə sayılan Səttar Bəhlulzadəni nəinki görəcəyim, görüşməyimiz və əlimi sıxmağı belə xəyalıma gəlməzdi.
Bunu AZƏRTAC-ın əməkdaşı ilə söhbətində sumqayıtlı rəssam Tofiq Əhmədov deyib.
Göyçayda orta məktəbi bitirən Tofiq Əhmədov 1969-cu ildə Sumqayıta köçməsindən danışaraq bildirib ki, həmin dövrdə Bakıda qeydiyyata düşmək çox çətin idi: “Ona görə də Sumqayıtı seçdim. Burada kimya müəssisəsində işə düzələrək, qeydiyyat məsələsini həll etdim”. Həyatının 53 illik dövrünü bağladığı bu şəhərdə o, nəinki iş yeri tapa, qeydiyyata düşə, rəssamlıq təhsili ala bilir, hətta Sumqayıtın yaradıcı şəxslərindən biri kimi tanınır.
Tofiq Əhmədov realizm və kompozisiya janrında işləməyi sevir. Kətanda yağlı və sulu boya ilə portret, mənzərə janrlarına xüsusi üstünlük verir.
Əsərlərində Azərbaycanın bütün bölgəsindən elementlər tapmaq olur: - 28 illik ayrılıqdan sonra qovuşduğumuz Şuşa, Xızının payız gözəlliyi, Lahıcın özünəməxsusluğu və s. Bu əsərlərdə kompozisiya, kolorit, işıq-kölgə və ritm harmoniya təşkil edir, mənzərəni hər baxan üçün doğmalaşdırır.