CƏMİYYƏT
Ölümün qeydə alınması qaydasının pozulmasına görə cərimələr müəyyənləşir
Bakı, 9 dekabr, AZƏRTAC
Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin dekabrın 9-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Dəyişiklikdə ölümün qeydə alınması qaydasının pozulması maddəsinə əsasən, tibb müəssisəsi tərəfindən ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölüm haqqında məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
Qanun layihəsi qəbul olunduğu təqdirdə 2023-cü il aprelin 1-dən qüvvəyə minir.