İQTİSADİYYAT
240 meqavatlıq külək enerjisi layihəsinin ətraf mühitə və sosial təsirinin qiymətləndirilməsi ilin sonunda tamamlanacaq
Bakı, 30 iyul, AZƏRTAC
Energetika Nazirliyi, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti, ətraf mühit və idarəetmə üzrə məsləhətçi şirkət “5 Capitals” və "Eko Enerji" MMC-nin nümayəndələrinin iştirakı ilə 240 meqavatlıq külək enerjisi layihəsinin ətraf mühitə və sosial təsirinin qiymətləndirilməsi prosesinin cari vəziyyəti onlayn formatda müzakirə edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Energetika Nazirliyinin “ACWA Power” şirkəti ilə imzaladığı İcra Müqaviləsinə uyğun olaraq 240 meqavat gücündə külək elektrik stansiyasının inşa ediləcəyi ərazilərdə - Xızı və Abşeron rayonlarında ekoloji və sosial qiymətləndirmə prosesinə cari ilin mart ayından başlanılıb. Qiymətləndirmənin beynəlxalq tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə “ACWA Power” şirkəti tərəfindən prosesə məsləhətçi şirkətlər - “5 Capitals” və "Eko Enerji" MMC cəlb edilib. Hər iki ərazidə ilkin flora və fauna tədqiqatları aparılıb. Arxeoloji, botaniki, herpetoloji və radiasiya müşahidələri yekunlaşdırılıb.
Bildirilib ki, hazırda sosioloji sorğu, müşahidələr və qiymətləndirmə davam edir. Növbəti mərhələdə isə hava, su və torpaq nümunələrinin laboratoriya şəraitində analizi, külək enerjisi layihələri üçün zəruri sayılan səsin monitorinqi və kölgənin modelləşdirilməsi ilə bağlı tədbirlər, həmçinin maraqlı tərəflərlə məsləhətləşmələrin aparılması planlaşdırılır. Ətraf mühitə və sosial təsirinin qiymətləndirməsi prosesinin cari ilin dekabr ayında başa çatdırılması və hazırlanmış yekun hesabatın ictimaiyyətə açıqlanması nəzərdə tutulur.
Xatırladaq ki, 2019-cu il dekabrın 5-də Azərbaycan Respublikası Prezidenti “Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Sərəncam imzalayıb. Bu il yanvarın 9-da isə Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb.