REGİONLAR


240 nəfərin daimi işlə təmin olunacağı Ağstafa Aqroparkında son tamamlama işləri aparılır

Ağstafa, 7 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafına böyük töhfə olacaq Ağstafa Aqroparkında tikinti işləri uğurla davam etdirilir.

Ağstafa Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aqroparkda tikinti işlərinin bu ilin sonunadək tam başa çatdırılması planlaşdırılır.

Qeyd edilib ki, Prezident İlham Əliyev 2016-cı il oktyabrın 19-da “Ağstafa Aqroservis” MMC-nin nəzdində yaradılacaq taxıl və un məmulatları istehsalı kombinatının, taxıl dəyirmanının təməlqoyma mərasimində iştirak edib. Kombinat 3 zavoddan ibarətdir. Bunlar toxumluq taxıl emalı, taxıl emalı və un istehsalı, çörək və yarım fabrikatlar istehsalı zavodlarıdır.

Taxıl emalı və un istehsalı dəyirmanının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, emala təqdim edilmiş taxıl yuyulmayacaq. Onun nəmləndirilməsi xüsusi texnologiya ilə həyata keçiriləcək və keyfiyyətli un əldə olunacaq. Emal zamanı yaranan kəpək və digər qırıntılar isə yem kimi istehsal ediləcək.

Layihə çərçivəsində saatda 1 ton istehsal gücünə malik çörək zavodu, 30 min tonluq taxıl, 2 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, ikimərtəbəli “fast food” iaşə obyekti, 140 yerlik yeraltı avtomobil dayanacağı, yem anbarı yaradılacaq. Ümumi sahəsi 2 min kvadratmetr olacaq “fast food” iaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları təqdim ediləcək.

Kompleksin yaradılmasında Avropa, əsasən də Almaniya və İsveçrə texnologiyalarından istifadə olunduğu üçün kadr hazırlığı məqsədilə tədris kursları təşkil edilib. Aqropark hazır olduqda burada 240 nəfər daimi işlə təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.