AHİK-də həmkarlar ittifaqlarının veteranları ilə görüş olub
AzerTAg.az
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) 30 illik yubileyi ərəfəsində uzun illər həmkarlar ittifaqları sahəsində çalışmış veteranlarla görüş keçirilib.
AHİK-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev iştirakçıları, o cümlədən veteran həmkarlar işçilərini AHİK-in yaranmasının 30 illiyi münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb. Azərbaycan həmkarlar ittifaqlarının inkişaf tarixindən, fəaliyyət istiqamətlərindən və vətəndaş cəmiyyətinin formalaşmasındakı xidmətlərindən danışan Səttar Möhbaliyev, həmçinin həmkarlar ittifaqlarına Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin göstərdiyi dövlət dəstəyindən də bəhs edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə həmkarlar ittifaqlarının fəaliyyətinə xüsusi diqqət ayırıb, qiymətli tövsiyələrini verib, qurultaylarına məktublar ünvanlayıb. Həmçinin dövlətimizin başçısı İlham Əliyev də daim AHİK-in fəaliyyəti ilə maraqlanır, həyata keçirdiyi sosialyönümlü tədbirlərini təqdir edir, həmkarlar ittifaqı rəhbərlərini və fəallarını mükafatlandırır.
AHİK sədri uzun illər həmkarlar ittifaqları sistemində çalışmış işçilərin fəaliyyətini yüksək qiymətləndirib və təsisatın inkişafında səmərəli xidmətlərindən danışaraq onlara təşəkkür edib: “Ölkəmizdə əmək adamlarının sosial problemlərinin həlli, onlar üçün layiqli iş şəraitinin yaradılması, əmək münasibətlərinin tənzimlənməsi, işçilərin qanuni mənafelərinin qorunması istiqamətində əldə olunmuş nailiyyətlərdə sizin zəngin təcrübəniz və peşəkar fəaliyyətiniz əhəmiyyətli rol oynayıb. Yaşadığımız qüdrətli dövlətimizdə vətəndaşlarımızın bütün hüquqları, o cümlədən əmək hüquqları ən yüksək səviyyədə təmin edilir və buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq”, - deyə Səttar Möhbalıyev diqqətə çatdırıb.
Tədbirdə çıxış edən veteranlar həmkarlar ittifaqları sistemindəki fəaliyyətlərindən danışıblar, ötən günlər xatırlanıb.
Sonda AHİK tərəfindən veteranlar mükafatlandırılıb.



Xəbərin mətnində orfoqrafik səhv var