CƏMİYYƏT


Taekvondoçu Elnur Amanov: Nüvədi gecələr yuxuma girir...

Tanınmış idmançının həyatının unudulmaz və ən çox xatırlanan illəri Mehri rayonu ilə bağlıdır

Bakı, 31 yanvar, AZƏRTAC

Qərbi Zəngəzurun Mehri rayonunun Nüvədi kəndinin sakinləri 1991-ci il avqustun 8-də öz yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıblar. O vaxt mənim 13 yaşım var idi. Hər şey – xüsusilə kəndimizin yaylaqları, bağları, bulaqları, meşələri kino lenti kimi gözlərimin önündədir. Hərdən gecələr yuxuma da girir. Əlbəttə, həyatımın ən unudulmaz və ən çox xatırlanan illəri məhz o yerlərlə bağlıdır. Doğrudan da doğma yurd unudulan deyil.

Taekvondo üzrə kişilərdən ibarət Azərbaycan yığma komandasının böyük məşqçisi, əslən Qərbi Azərbaycandan olan Elnur Amanov bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.

Sosial şəbəkələr vasitəsilə doğma kəndə baxan müsahibimiz erməni vandallarının Nüvədini tamamilə xarabalığa çevirdiklərini ürək ağrısı ilə xatırlayır: “Kəndimizin evləri yerlə yeksan edilib. Bütün tikililər, binalar sökülüb, dağıdılıb. Yalnız bəzi yerlərdə yaşayış var. Evimizin daşı daş üstə qalmayıb, amma babamgilin, əmimgilin yaşadığı evlər hələ də qalır. Zəngəzur dəhlizi açılsa, 22-23 kilometr məsafə Nüvədinin ərazisindən də keçəcək. Bizim kənd Zəngilandan, Ağbənddən sonra gəlir və Ordubada qədər davam edir. Nüvədi 300 evdən ibarət böyük kənd idi. 1991-ci ildən ermənilər bizi kəndimizdən çıxaranda Bakıya gəldik. Paytaxta gələndən sonra orta təhsilimi burada davam etdirdim. Xatırlayıram ki, məktəb bitəndən sonra yaylağa köçürdük. Kəndin ətrafındakı dağlar, onun üzük qaşı kimi dövrəyə alan yaşıllıq, ona özgə bir gözəllik bəxş edən meşələr həmişə gözümün önündədir. Gözəl mənzərəli yaylağımız var idi. Nüvədiyə dönmək qismətimiz olsa, gedib orada dincəlmək, həmin uşaqlıq hisslərini təzədən yaşamaq istərdim”.

1992-ci ildən idmanla məşğul olmağa başlayan və 58 kiloqram çəki dərəcəsində çıxış edən Elnur Amanov çoxlu titullar qazandığını qeyd edib: “Yeddi il sonra Xorvatiyada keçirilmiş hərbçilərin taekvondo üzrə “Beynəlxalq Ordu Oyunları”nda bürünc medal almışam. 2001-ci ildə Niderlanda hərbçilər arasında dünya çempionatında ikinci, 2008-ci ildə İtaliyada Avropa çempionu olmuşam. Qitə çempionatlarında 2004-cü ildə Norveçdə, 2005-ci ildə Latviyada gümüş, 2002-ci ildə Türkiyədə bürünc medal qazanmışam. 2006-cı ildə Tailanda dünya kubokunda üçüncü yeri tutmuşam. 2008-ci ildə İsveçdə “Trelleborg Open-2008” beynəlxalq turnirində gümüş medala sahib olmuşam. 15 dəfə Azərbaycan çempionu adını qazanmışam. 2010-cu ildən yığma komandada böyük məşqçi kimi çalışmışam. Bir müddət qadınlardan ibarət komandada baş məşqçi, sonra yeniyetmələrdən ibarət millidə baş məşqçi işləmişəm. Hazırda böyüklərdən ibarət yığmanın böyük məşqçisiyəm. Radik İsayev “Rio-2016”da Olimpiya çempionu olanda məşqçi korpusunda yer almışam. Prezident İlham Əliyev tərəfindən 2016-cı ildə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XXXI Yay Olimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə “Şöhrət” ordeni ilə təltif edilmişəm. 2015-2016-cı illərdə ilin məşqçisi seçilmişəm. Avropa Oyunlarında Prezident İlham Əliyev tərəfindən Fəxri fərmana layiq görülmüşəm”.

Qırx altı yaşlı taekvondoçu onu da deyib ki, gələcəkdə Nüvədidə idman tədbirləri olarsa, mütləq iştirak etmək arzusundadır: “Hazırda Qərbi azərbaycanlıların siyahıya alınması prosesi gedir. Əvvəllər Avropa İnsan Hüquqları Məhkəməsinə Nüvədi ilə bağlı mülki əmlaklarla bağlı müraciət edilib. Həmin vaxt kəndimizin bütün sakinlərini qeydə almışdılar. Mehri rayonunda olan tarixçi alim, jurnalist İsrafil Məmmədov Ermənistan təhsil nazirinin müavini vəzifəsində işləyirdi. O danışardı ki, Nüvədi kəndində çoxlu alimlər, ziyalılar, həkimlər yetişib. Onlar müxtəlif universitetlərdə yüksək vəzifələrdə çalışıblar. Hətta bununla bağlı onda statistik rəqəmlər də vardı. Doğma kəndimizdə həqiqətən təhsilə çox önəm verilirdi. Bircə faktı xatırladım ki, bizim sinifdə 27 şagird oxuyurdu, onlardan 20-si əlaçı idi. Bundan başqa, boks, cüdo və başqa idman növlərində çalışan əslən Qərbi Azərbaycandan olan idman mütəxəssisləri çoxdur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.