ELM VƏ TƏHSİL


Azərbaycan Dillər Universitetində İndoneziya Parlamentinin üzvləri ilə görüş

Bakı, 1 fevral, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla İndoneziya Parlamentinin üzvü Muhammad İqbalın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AZƏRTAC-a ADU-dan bildirilib. Kamal Abdulla ADU tələbələrinin İndoneziya dili, ədəbiyyatı, mədəniyyəti və tarixinə olan marağından danışıb. Universitetdə İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyət göstərdiyini deyən rektor hər il İndoneziyaşünaslıq ixtisasına qəbul olan tələbələrin bu dili həvəslə öyrəndiyini diqqətə çatdırıb: “İki ölkə arasında əməkdaşlığının elm, təhsil, mədəniyyət sahəsində inkişafı müsbət dinamika ilə artır. Bu əlaqələrin qurulmasında müəllim-tələbə mübadiləsinin əhəmiyyətini də vurğulamaq lazımdır. Məmnuniyyətlə qeyd etmək istərdim ki, bizim tələbələr İndoneziyanın mədəniyyətini, tarixini, ədəbiyyatı və dilini böyük həvəslə öyrənirlər. Azərbaycanda təkcə İndoneziya səfirliyi fəaliyyət göstərmir, burada, eyni zamanda, İndoneziyasevərlər məkanı var”.

Muhammad İqbal səmimi qarşılanmaya və qonaqpərvərliyə görə universitet rəhbərliyinə və kollektivinə öz təşəkkürünü bildirib. Qeyd olunub ki, Azərbaycan Dillər Universiteti ilə əməkdaşlıq çərçivəsində bir sıra layihələrin həyata keçirilməsi üçün mühüm addımlar atılmaqdadır. Burada fəaliyyət göstərən İndoneziya Araşdırmaları Mərkəzi bu baxımdan xüsusi olaraq seçilir.

Mərkəzin fəaliyyətini yüksək qiymətləndirən qonaq bildirib ki, bu, iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Görüşdə İndoneziyada ADU-nun Mədəniyyət Mərkəzinin fəaliyyət perspektivləri, qarşılıqlı öyrənmə, araşdırma və s. məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlar İndoneziya Araşdırmalar Mərkəzində olublar. Mərkəzdə qonaqları ADU-nun İndoneziya ixtisası üzrə təhsil alan tələbələri qarşılayıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.