“Qəhrəmannamə dastanı” kitabı çap olunub
AzerTAg.az

Bakı, 1 fevral, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Aybəniz Rəhimovanın “Qəhrəmannamə dastanı (elmi-paleoqrafik, filoloji araşdırma və mətnin transfoneliterasiyası)” kitabı işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Nəşr ömrünün 40 ilini “Kitabi-Dədə Qorqud” dastanının tədqiqinə həsr etmiş Əməkdar elm xadimi, filologiya elmləri doktoru Şamil Cəmşidova ithaf olunub. Kitabda Yaxın Şərqdə geniş yayılmış, mövzusu İslam dinindən daha öncəki minillikləri xatırladan mifoloji-tarixi qəhrəmanlıq yazılı dastan abidəsi “Qəhrəmannamə”nin Əlyazmalar İnstitutunda qorunan əlyazma və əski çap olmaqla səkkiz nüsxəsi öz əksini tapıb. Mövcud nüsxələrin içərisindən seçilmiş XVII əsr, B-1506 şifri altında mühafizə olunan yazılı dastan abidəsi üzərində aparılmış elmi-paleoqrafik müqayisələr, elmi mənbələr əsasında dini-qəhrəmanlıq dastanlarının tipoloji təhlili və mətnin müasir Azərbaycan əlifbasına transfoneliterasiyası ilk dəfə oxuculara təqdim edilib.
Yeni nəşrin elmi redaktoru dosent Əli Məmmədbağıroğlu, redaktoru Arif Ramazanov, rəyçiləri professor Azadə Musayeva və dosent Paşa Əlioğludur.
Xəbərin mətnində orfoqrafik səhv var