CƏMİYYƏT


Beynəlxalq və ölkəmiqyaslı müsabiqə-yarışlarda uğur qazanan BANM tələbələri mükafatlandırılıb

Bakı, 3 fevral, AZƏRTAC

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) 2 Fevral - Gənclər Günü qeyd edilib.

AZƏRTAC xəbər verir ki, SOCAR, Gənclər və İdman Nazirliyi və Milli Məclis rəsmilərinin, həmçinin Bakı Ali Neft Məktəbinin rəhbərliyi, professor-müəllim heyəti, kollektivi və tələbələrin iştirak etdikləri tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Ulu Öndər Heydər Əliyevin Prezidentlik dövründə Gənclər Günü ilə bağlı gənclərə müraciətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Ali Məktəbin gənclərinin timsalında bütün Azərbaycan gənclərini təbrik edib. Dövlət gənclər siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edən rektor, məhz Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edildiyini və o gündən etibarən hər il bu günün təntənəli şəkildə qeyd olunduğunu bildirib. O, həmçinin Prezident İlham Əliyevin dövlət gənclər siyasətinə verdiyi önəm və gənclərə qayğısı nəticəsində bu sahədə xüsusi Dövlət Proqramının həyata keçirildiyini, bölgələrdə Gənclər mərkəzlərinin yaradıldığını, gənclərin dünyaya inteqrasiya etməsinə, təhsilinə, sosial-ictimai fəaliyyətinə hər zaman xüsusi dəstək verildiyini vurğulayıb. Rektor gənclərə səslənərək dilimizi, tariximizi dərindən öyrənməyi, onu qorumağı tövsiyə edib.

BANM-in SOCAR-ın strukturunda yaradıldığını xatırladan rektor, artıq dünyada brendə çevrilən SOCAR-ın daim Azərbaycan gənclərinin inkişafına dəstək olduğunu, bu yöndə irimiqyaslı layihələr həyata keçirdiyini bildirib.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Elnur Allahverdiyev və SOCAR-ın mətbuat katibi Orxan Hüseynov Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini, gənclərin dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğu vurğulayıblar. İstedadlı, vətənpərvər, yüksək bilik və bacarıqlı gənc nəslin yetişməsinin, onların sosial rifahının yüksəldilməsinin ölkəmizdə gənclər siyasətinin prioritet istiqamətlərindən olduğu diqqətə çatdırılıb. Tədbirdə, həmçinin Ulu Öndərin Azərbaycan gəncliyi qarşısında qoyduğu vəzifələrdən danışılıb, Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yetişən gənc nəslin Vətən müharibəsində ən böyük missiyanı uğurla həyata keçirdiyi bildirilib.

SOCAR-ın Bakı Ali Neft Məktəbinin tələbələri adından SOCAR könüllüsü, Tələbə Gənclər Təşkilatının sədri, Kimya mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi Aysu Zamanova çıxış edərək, SOCAR könüllüsü olmaqdan qürur duyduğunu bildirib.

Sonra Kimya mühəndisliyi ixtisasının 2018-ci il məzunu, “SOCAR Downstream”də baş mühəndis vəzifəsində çalışan Heydər Nəcəfov məzunlar adından çıxış edib.

Daha sonra Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və T3 Vəqfinin birgə təşkilatçılığı ilə keçirilən “Teknofest” Aerokosmik və Texnologiya festivalında qalib komandaların üzvləri, eləcə də SOCAR və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə həyata keçirilən “Enerji və Dördüncü Sənaye İnqilabı” hakatonunda qalib gələn, həmçinin beynəlxalq və ölkəmiqyaslı müsabiqə-yarışlarda qələbə qazanan, mükafatlara, diplomlara, sertifikatlara layiq görülən BANM tələbələri mükafatlandırılıblar. SOCAR-ın Bakı Ali Neft Məktəbinin 9 gənc əməkdaşı və müəllim heyəti də mükafatlarla təltif olunub.

Təntənəli tədbir BANM və Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin musiqi nömrələri ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.