SİYASƏT


Politoloq: Avropanın Azərbaycanla əməkdaşlığını daha da genişləndirməkdə marağı getdikcə artır

Politoloq: Avropanın Azərbaycanla əməkdaşlığını daha da genişləndirməkdə marağı getdikcə artır

Bakı, 4 fevral, AZƏRTAC

Bir dövləti siyasi, iqtisadi və hərbi baxımdan var edən məsələlərin əsasında imzalanan müqavilələr gəlir. Müasir Azərbaycan dövlətinin imzalanan ilk müstəqil sənədi 1918-ci ildə Cümhuriyyətin elanını təmin edən “İstiqlal Bəyannaməsi” olub. Lakin Azərbaycan müstəqil dövlət kimi siyasi, hərbi və iqtisadi tərəfdaşlıqları ehtiva edən anlaşmaları müstəqilliyin bərpasından sonra imzalaya bilib. Bu mənada ötən əsrin sonunda yenə Gülüstan sarayında imzalanan “Əsrin müqaviləsi” müstəqil Azərbaycan dövlətinin iqtisadi münasiblərinin formalaşması baxımından həlledici xarakter daşıyır. Burada müstəqilliyin bərpasından sonra Azərbaycan dövlətinin möhkəmlənməsini təmin edən Ulu Öndər Heydər Əliyevin töhfələrini xüsusi vurğulamaq lazımdır. Ümummilli Liderin böhranlı anlarda qərar qəbul etmək iradəsi və diplomatik zəkası nəticəsində həm atəşkəs, həm də neft müqaviləsi imzalandı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Orxan Vəliyev bildirib.

O.Vəliyev vurğulayıb ki, iqtisadiyyat əldə olan ehtiyat əsasında formalaşmalı və sonradan şaxələndirilməlidir. Azərbaycanın zəngin təbii ehtiyatlara və hətta yaşıl enerji növləri üçün əlverişli iqlimə, coğrafiyaya sahib olması iqtisadi münasibətlərin əsasını təşkil etməyə davam edir. Fevralın 3-də yenə Gülüstan sarayında Prezident İlham Əliyevin ev sahibliyi ilə təşkil edilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında Azərbaycanın sözügedən sahələrdə reallaşdırdığı layihələrin önəmli tərəfdaşlarından olan Rumıniyanın Prezidenti Klaus Yohannis və Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simson iştirak etdilər. Bu layihələrin reallaşması ilə Azərbaycanın Avropa enerji təchizatındakı rolu ikiqat artacaq.

Prezident İlham Əliyev tədbirdə çıxışında Azərbaycanın yaşıl enerji növləri üçün əlverişli tərəfdaş olmaqla yanaşı, növbəti 100 il üçün kifayət edəcək təbii qaz ehtiyatlarına sahib olmasına diqqət çəkdi. Digər məsələ isə dövlətimizin başçısının Naxçıvanı da enerji ixracatına daxil etmək planıdır.

Prezident İlham Əliyevin söylədiyi “Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən etmişik. Hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır. Düşünürəm ki, bu potensial daha da artıq olacaqdır” fikirlərini xatırladan politoloq deyib ki, bu, özlüyündə Zəngəzur dəhlizi barədə də düşünməyi zəruri edir. Digər tərəfdən Prezident İlham Əliyev özəl şirkətlərin cəlb edilməsi ilə yanaşı, Rumıniya və Macarıstanın yaşıl enerjini qəbul edəcək son məntəqələr olmayacağına əminliyini ifadə etdi. Yəni, rəsmi Bakı da Avropa ilə əməkdaşlığını genişləndirməkdə maraqlıdır. Qısacası, Azərbaycanın Avropa ölkələri ilə son illərdə artan və yaşıl mahiyyət qazanan enerji sahəsində görüşləri, imzalanan anlaşmalar 1994-cü ildə başladılan iqtisadi tərəfdaşlığın genişlənərək davam edəcəyini göstərir. Kadri Simsonun çıxışında “uzunmüddətli dayanıqlı enerji tərəfdaşlığının əsasını qoyuruq” söyləməsi isə bu anlaşmaların XXI əsrin Azərbaycanının qurulması baxımından həlledici olacağını deməyə əsas verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.