İranda azərbaycanlı mühafizə xidməti əməkdaşı niyə qətlə yetirildi?...
AzerTAg.az

Bakı, 6 fevral, Ziyadxan Həsənov, AZƏRTAC
Etiraf etmək nə qədər ağır olsa da, İran vətəndaşının Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu müəyyən mənada gözlənilən idi. Son 30 il ərzində sivil dünya dəfələrlə İran xüsusi xidmət orqanlarının təkcə Azərbaycana deyil, Tehranda və onun hüdudlarından kənarda akkreditə olunmuş diplomatik nümayəndəliklərə qarşı açıq təxribatlarının şahidi olub.
1979-cu ildə mollaların sonradan “İslam inqilabı” adlanan çevrilişindən sonra müxtəlif ölkələrin səfirliklərinə hücumlar İran xüsusi xidmət orqanlarının fəaliyyətinin bir “normasına” çevrilib. Bu ölkənin rəhbərliyi Tehranda müxtəlif səfirliklərə hücumları “ilahi qisas” adlandırmaqdan da çəkinməyib. İrandakı radikallar, xüsusi xidmət orqanları bir sıra qətlləri, adam oğurluğunu, terror aktlarını “Yaradanın əmri” kimi qələmə veriblər. Onların düşüncəsinə görə, Uca Yaradanın şiəliyin İran modelini bütün dünyada yaymaq istiqamətində mollaların siyasətini həyata keçirməyə mane olan qüvvələri zərərsizləşdirmək üçün partlayışlar törətmək, ölkələrin diplomatik missiyalarını yandırmaq göstərişi verməkdən başqa ayrı bir işi yox imiş.
İranda mollaların hakimiyyətinin təqribən 40 ili ərzində xüsusi xidmət orqanlarının, müxtəlif dini təşkilatların əli ilə bu ölkənin özündə, habelə digər dövlətlərdə səfirliklərə hücumlar təşkil olunub. İran xüsusi xidmət orqanlarının və onların əlaltılarının bütün dünyada terror hücumlarını sadalamaq lazım gəlsə, kifayət qədər böyük bir siyahı alınar.
“Qardaş” İranın Azərbaycana qarşı hərəkətlərinə gəldikdə, çox sayda düşmənçilik aktlarına rast gəlmək olar. Onların arasında Bakıda keçirilən “Eurovision” mahnı festivalı ərəfəsində Azərbaycanda akkreditə olunmuş müxtəlif ölkələrin səfirliklərinə qarşı planlaşdırılan terror aktlarını da göstərmək olar. O vaxt Azərbaycanın səlahiyyətli orqanları İranın xüsusi xidmət orqanlarının agentlərinin planlaşdırdıqları terror aktlarının qarşısını vaxtında ala bildilər.
Azərbaycan uzun müddət İranın, həmçinin ölkəmizdəki dinin qrupların bu cür əməllərinə təmkinlə yanaşıb. Bu kontekstdə qonşu ölkədəki “dini” məktəblərdə xüsusi təlim keçmiş və din pərdəsi altında terror aktlarının törədilməsi metodlarını mənimsəmiş iranlı və bizim ölkəmizin daxilində olan “təbliğatçı”ların zərərli dini ədəbiyyat yaymasını qeyd etmək yerinə düşər.
İranda Azərbaycan hökumətinin təmkinli davranışını zəiflik əlaməti kimi başa düşürdülər və bu ölkənin mollaları daha da azğınlaşırdılar. Belə ki, Tehran utanmadan Azərbaycana kiminlə dostluq etmək, kimə düşmən olmaq, kimi ölkəyə buraxmaq, necə geyinmək, hansı musiqiyə qulaq asmaq və tarixi necə öyrənmək barədə şərtlərini diktə etməyə çalışırdı. Azərbaycanın ərazi bütövlüyünü, dilini və tarixini şübhə altına qoyan İran Bakıdan tələb edirdi ki, öz siyasətini fars imperiya siyasətinin maraqları əsasında qursun. Azərbaycan həmişə öz qonşuları ilə mehriban və bərabərhüquqlu siyasət xəttinə üstünlük verib. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, onun ərazisi heç vaxt qonşu ölkələrə qarşı düşmən hərəkətlər məqsədilə istifadə oluna bilməz. Azərbaycan bu ölkə ilə birgə layihələrə az investisiya yatırmayıb. Sivil cəmiyyətlərdə bu cür fəaliyyətlər çox yüksək qiymətləndirilir. Biz bunu Azərbaycan sərmayəsinin yönəldiyi Avropa ölkələrinin rəhbərlərinin timsalında görürük. Lakin görünür ki, bu, Azərbaycanın bütün xeyirxah işlərində hiylə axtaran İran rejiminə şamil olunmur.
İran vətəndaşları olan etnik azərbaycanlıların elementar insan hüquqları məsələsi bizim üçün hər zaman ağrılı olub. Azərbaycan KİV-lərində, deputatların çıxışlarında İran azərbaycanlılarının hüquqlarının, onların bu ölkədə ana dilində məktəblərinin olmamasının, öz tarixini və mədəniyyətini öyrənmək imkanından məhrum edilməsinin gündəmə gətirilməsi molla rejiminin qəzəbləndirir. Bunun nəticəsində Təbriz, Ərdəbil və İranın digər şəhərlərində azərbaycanlıların kütləvi həbsləri, qətllər və edamlar baş verirdi.
İranda uzun illər boyu Azərbaycana qarşı körüklənən isteriya heç bir çərçivəyə - nə insani, nə dini, nə də etnik normalara sığmır. İş o yerə gəlib çatır ki, əyalət mollaları, adları heç kimə məlum olmayan jurnalistlər, Qum şəhərindən o tərəfə heç kimin tanımadığı siyasətçilər ölkəmizin ünvanına hədyanlarla çıxış edirlər. İran mətbuatında azərbaycanlıları heyvanlarla, həşəratlarla müqayisə edən çirkin məqalələr dərc edildiyi bir vaxtda bu ölkənin “dini” rəhbərləri səssizcə qımışırdılar.
2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə saat 08:30-da Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə terror hücumu baş verdi. Hücum edən şəxs mühafizə məntəqəsinə avtomat silahla atəş açdı, mühafizə xidmətinin rəisi qətlə yetirildi, səfirliyin iki əməkdaşı yaralandı. İran hökuməti bu cinayəti təhqiq edəcəyini vəd etdi. Lakin indidən söyləmək olar ki, İranın hüquq-mühafizə orqanlarının görünməmiş bu qəddar cinayətin ədalətli istintaqını aparacağına inam çox azdır.
İranda azərbaycanlı təhlükəsizlik əməkdaşını niyə qətlə yetirdilər? Biz Azərbaycan xüsusi xidmət orqanlarının apardığı istintaqın gedişinə qarışmırıq, amma əminliklə söyləmək olar ki, bu terror aktı qətiyyətli, müstəqil daxili və xarici siyasət aparan, heç bir təzyiqi qəbul etməyən Azərbaycana bir mesaj idi. “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bəyan etdi: “Biz yalnız cavab veririk və istər sözlə olsun, istərsə də əməllə hər cür anti-Azərbaycan addımına cavab verəcəyik”.
Dövlətimizin başçısı qeyd etdi ki, İranın keçmiş prezidentləri ilə işləyən zaman indiki vəziyyətə oxşar bir şey olmayıb. O vurğuladı: “Heç vaxt Azərbaycana qarşı nifrət və təhdid dolu sözlər işlədilməyib, sərhədimizdə heç bir hərbi təlim keçirilməyib, ancaq bir neçə ay ərzində iki hərbi təlim keçirilib”.
“Azərbaycan da onlardan qorxmadığını nümayiş etdirmək üçün İran sərhədində hərbi təlimlər təşkil etməli oldu”, - deyən Prezident İlham Əliyev, həmçinin qeyd etdi ki, biz öz həyat tərzimizi, dünyəvi inkişafımızı, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların müdafiəsini təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır”.
Təkcə ötən həftə ərzində iki ölkənin prezidentləri Azərbaycana səfər ediblər. Eyni zamanda, Avropa Komissiyasının yüksək vəzifəli nümayəndələrinin, Rumıniya, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın iştirakı ilə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları keçirilib. Kimsə beynəlxalq əhəmiyyətli bir şəxsin son aylarda Tehrana səfərini xatırlada bilərmi?....
Xəbərin mətnində orfoqrafik səhv var