MƏDƏNİYYƏT
Qala Qoruğunda bayram şənliyi





Bakı, 18 mart, AZƏRTAC
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Novruz şənliyi keçirilib.
Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini, məişətini əks etdirən pavilyonlarla, Xəzər rayonu ərazisində fəaliyyət göstərən məktəbəqədər və orta ümumtəhsil müəssisələrindən gələn özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının folklor nümunələri və idman məktəblərinin nümunəvi idman çıxışları ilə, həmçinin açıq səma altında yerləşən Arxeoloji-Etnoqrafik Muzey Kompleksində təşkil olunmuş xalçaçılıq, daşoyma kimi qədim sənət nümunələri ilə tanış olublar.
Tədbirdə çıxış edənlər xalqımızı qədim adət-ənənələrə söykənən Novruz bayramı münasibətilə təbrik ediblər. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun işğaldan azad etdiyi qədim yurd yerlərində hazırda Novruz bayramı böyük sevinc və coşqu hissi ilə qeyd edilməkdədir.
Diqqətə çatdırılıb ki, 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında muzey kompleksi yaradılıb.
Mərasimdə Novruz bayramı və onun mənəvi əhəmiyyətindən danışılıb, Novruzun xoşbəxtlik, sevinc bayramı olduğu, insanları bir araya gətirdiyi vurğulanıb. Eyni zamanda, 2009-cu ildə Novruz bayramının çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edildiyi qeyd edilib.
Tədbir rayon rəhbərliyinin və qonaqların iştirakı ilə Novruz atributları ilə bəzədilən Qala qoruğunda möhtəşəm konsert proqramı ilə davam edib.