SİYASƏT


Politoloq: Rusiya sülhməramlıları öhdəliklərini yerinə yetirmir

Politoloq: Rusiya sülhməramlıları öhdəliklərini yerinə yetirmir

Bakı, 25 mart, AZƏRTAC

Təəssüflər olsun ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın üzərindən iki ildən çox keçməsinə baxmayaraq, Rusiya sülhməramlı kontingenti üzərinə düşən öhdəlikləri hələ də yerinə yetirmir. Azərbaycanın Rusiyaya qarşı kifayət qədər dürüst və səmimi mövqeyinə rəğmən, bu gün qarşı tərəf regionda gərginlik yaratmaqla məşğuldur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.

“Ümumilikdə Rusiya sülhməramlıları son 2-3 il ərzində Qarabağda - Xankəndi və ətrafında yaşayan, Azərbaycan vətəndaşı olmalı olan erməni əsilli şəxslərin cəmiyyətimizə inteqrasiyası prosesinə maneçilik törədirlər. Rusiya separatçılığı qızışdırmaqla regionda gərginlik ocağının qalmağında öz maraqlarını ehtiva etmiş olur. Sülhməramlıların bu gün Xankəndi-Xəlfəli-Turşsu yolunda ermənilərin qanunsuz daşımalarını müşayiət etməsi onların funksiyasına olan etibarı və inamı tamamilə alt-üst edir. Bütün bu baş verənlər göstərir ki, Rusiya əsla Azərbaycanla Ermənistan arasında normal münasibətlərin, sülhün yaranmasında və Qarabağda separatçılığın bitməsində maraqlı deyil”,- deyə politoloq vurğulayıb.

O bildirib ki, bütövlükdə Rusiyanın tarixi də bu cür imperialist maraqlara söykənir. Bu gün Azərbaycanla səmimi dostluqdan danışıb Xankəndi-Kosalar-Mirzələr-Turşsuda alternativ yol tikmək və eyni zamanda, burada separatçıların silah-sursatla təmin edilməsinə şərait yaratmaq sadəcə olaraq riyakarlıqdır.

Uzun illər Qərb imperialistləri tərəfindən Ermənistana verilən dəstək fonunda ermənilərin işğalçılığı geniş vüsət almışdır. İndi biz görürük ki, son baş verən hadisələrdə də işğalçılıq faktoru Rusiyanın dəstəyi ilə növbəti dəfə davam etdirilməyə çalışılır. Azərbaycan Qarabağda antiterror əməliyyatı keçirmək hüququnu özündə saxlayır. Belə ki, ölkəmiz öz ərazilərində hansısa separatçı tör-töküntülərin qalmasına əsla göz yummayacaq. Hesab etmək olar ki, Rusiyanın apardığı bu yanlış siyasət Cənubi Qafqazda sülhün, rifahın və təhlükəsizliyin hər bir mənada təmin edilməsinin qarşısını alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.