SİYASƏT


Azərbaycan öz tarixi torpaqlarına qayıdışla bağlı Ermənistana güzəşt etməyəcək - ŞƏRH

Azərbaycan öz tarixi torpaqlarına qayıdışla bağlı Ermənistana güzəşt etməyəcək -  ŞƏRH

Bakı, 29 mart, AZƏRTAC

Azərbaycan regionda sülhün yaranması, razılaşmanın əldə olunması üçün tədbirlər görür və müvafiq təkliflər verir. Müxtəlif vasitəçilərin iştirakı ilə Ermənistan rəsmiləri ilə görüşlər keçirilir. Eyni zamanda, ərazisində yaşayacaq erməni əsilli şəxslərin Azərbaycan dövlətinə və cəmiyyətinə reinteqrasiya olunması üçün danışıqların aparılmasını təşkil etməyə çalışır. Rəsmi Bakı görür və bilir ki, həm Azərbaycan–Ermənistan münasibətlərində, həm də ermənilərin reinteqrasiya məsələsində vasitəçilərin iştirakı prosesi uzadır. Çünki vasitəçi tərəflər də belə məsələlərdə özlərinin regionla bağlı maraqlarını təmin etməyə çalışırlar ki, bu da onların obyektivsizliyini göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.

O deyib: "Mövcud reallıqla bağlı vasitəçilərin fikirləri və hərəkətləri birmənalı qarşılanmır. Prosesin aktiv vasitəçi iştirakçısı olan Rusiyanın ermənilərin reinteqrasiyasında maraqlı olmadığı görünür. Sülhməramlı qüvvələr müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində erməni silahlı qüvvələrinə dəstək verir, onları qoruyur, ərazidə separatizmin inkişafı ilə məşğuldur. Avropa İttifaqı və ABŞ Azərbaycanla əlaqələrin qorunmasında və ya inkişafında maraqlı olsalar da, Ermənistanın regionda sülhə təhlükə olan hərəkətlərinə qarşı konkret tədbirlər görmürlər. Buna görə də Azərbaycan dövləti hər iki məsələnin həllində birbaşa, vasitəsiz danışıqların aparılmasında maraqlıdır və bu təklifini qarşı tərəfə çatdırıb. Çox təəssüflər olsun ki, maraqlı qüvvələrin təsiri altında olan Ermənistan və Qarabağ iqtisadi zonasında məskunlaşmış erməni icması hələ də sülh prosesindən və reinteqrasiyadan yayınır".

Politoloq qeyd edib ki, Azərbaycan tərəfi həm Ermənistanla, həm də Qarabağda yaşayan ermənilərlə olan məsələni həll etmək üçün əlində hərbi və digər təsiredici imkanlar olduğu halda hələ də sülh prosesinə sadiqlik nümayiş etdirir. Halbuki, həm beynəlxalq hüquq, həm də 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanat imkan verir ki, Azərbaycan öz ərazisində təhlükəsizliyi təmin etsin, ölkə ərazisinə giriş-çıxış üçün müvafiq məntəqələr yaradaraq bu məsələləri tənzimləsin. Bu, Azərbaycan dövlətinin əsas işi, suveren hüququdur. Bunları müzakirə etmədən və kimlərinsə reaksiyalarını gözləmədən etmək gücünə sahibdir.

Y.Hacızadə əlavə edib ki, Ermənistanın Azərbaycan qarşısında sülhdən başqa çıxış yolu yoxdur. Bu dövlət mövcud reallıqlardan nəticə çıxardaraq, çoxtərəfli oyunlardan əl çəkməlidir. Eyni zamanda, Qarabağda yaşayan ermənilər də Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi “ya təmasları davam etdirərək, bu məsələdə konstruktivlik nümayiş etdirərək reinteqrasiya prosesini qəbul etdirməlidirlər, ya da ərazini tərk etməlidirlər. Mövcud durumun perspektivi və məsələnin həlli üçün üçüncü yol yoxdur”.

Ermənistan və onun dəstəkçiləri dərk etməlidirlər ki, Azərbaycan öz ərazilərinə və tarixi torpaqlarına qayıdışla bağlı güzəşt etməyəcək. İndiki halda dövlətimiz regionda söz sahibi kimi yeni reallıqları formalaşdırıb. Artıq 200 illik erməni planlarına və oyunlarına son qoyulub. Ancaq tarix daha əvvələ - Azərbaycanın maraqları kontekstində geriyə dönə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.