Dünyanın reallıqları ilə barışmayan xalqlar real həyatda varlıqlarını davam etdirə bilməzlər – İcraçı direktor
AzerTAg.az

Bakı, 29 mart, AZƏRTAC
Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasının BMT Təhlükəsizlik Şurasının (TŞ), Baş Assambleyasının, İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayılması Ermənistandan deportasiya olunan soydaşlarımıza qarşı ədalətsizliyin aradan qaldırılması istiqamətində əldə edilən çox mühüm nailiyyətdir. Uzun illər boyu beynəlxalq təşkilatlar, ümumilikdə dünya ictimaiyyəti bu məsələyə biganə və ədalətsiz yanaşırdı. Qayıdış Konsepsiyasının BMT-nin rəsmi sənədi kimi yayılması beynəlxalq ədalətə olan ümidlərimizi və Azərbaycana əksər hallarda "ikili standart" çərçivəsindən baxan beynəlxalq hüquqa inamımızı artırdı.
Bunu AZƏRTAC-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun İcraçı direktoru Mehman İsmayılov söyləyib.
Bugünkü Ermənistan ərazisinin Azərbaycan, türk kimliyinin, milli və mənəvi dəyərlərimizin, bütövlükdə mədəniyyətimizin ortaya çıxıb formalaşdığı əsas ərazilərdən biri olduğunu vurğulayan Mehman İsmayılov deyib: “Həmin ərazilər ulu babalarımızın, əcdadlarımızın yaşayıb-yaratdığı qədim yurdumuzdur. Qayıdış Konsepsiyasında o ərazilərdə kimliyimizi, dəyərlərimizi, mədəni irsimizi yenidən dirçəltmək və onları qoruyaraq inkişaf etdirməklə bağlı müddəalar öz əksini tapıb. Ümidvaram ki, bu müddəaların dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılması ilə Ermənistan dövləti uzun illərdir soydaşlarımıza, bütövlükdə isə Azərbaycan xalqına məxsus izləri tamamilə silmək iddiasından əl çəkəcəkdir. Həm də hesab edirəm ki, bu sənədin yayılması çoxmədəniyyətliliyin, çoxkonfessiyalılığın getdikcə dünyanın hər bir köşəsinə bu qədər yayıldığı və inkişaf etdiyi bir dövrdə Ermənistana verilmiş fürsətdir. Dünyanın reallıqları ilə barışmayan və ayaqlaşmayan xalqlar real dünyada öz varlıqlarını davam etdirə bilməz”.
İcraçı direktorun sözlərinə görə, bu sənəddən irəli gələn müddəaların reallaşması həm Ermənistanın bir ölkə kimi çoxmədəniyyətli dünyaya inteqrasiyasına, həm də bölgədə asayiş və əmin-amanlığın bərpasına gətirib çıxaracaq.
Xəbərin mətnində orfoqrafik səhv var