SİYASƏT


İran Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də işğalçı Ermənistanın tərəfini tutdu - Politoloq

İran Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən
müharibəsində də işğalçı Ermənistanın tərəfini tutdu -   Politoloq

Bakı, 29 mart, AZƏRTAC

XIX əsr modern milli dövlətlərin kütləvi şəkildə formalaşdığı yüzillikdir. Azərbaycan həmin əsrdə 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri ilə parçalanma və müstəmləkəçiliklə üzləşib. Müstəmləkə boyunduruğundan 1918-ci ildə xilas olaraq müstəqilliyini elan edən Azərbaycan qısa müddət sonra yenidən işğalla üzləşdi. Lakin 71 il sonra - SSRİ-nin süqutu nəticəsində Azərbaycan müstəqilliyini bərpa etdi. Ardınca Birinci Qarabağ müharibəsi ilə torpaqlarımızın 20 faizi işğal edildi. Beləliklə, Azərbaycan xalqı son iki əsri işğala və müstəmləkəçiliyə qarşı mübarizə aparmaqla keçirməli oldu. Qarabağın dağlıq hissəsinin və ətraf yeddi rayonun işğalı ilə gənc Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etmək uğrunda daha otuz il mübarizə apardı. 2020-ci ildə qəhrəman Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfər Azərbaycan tarixində yeni mərhələnin əsasını qoydu.

Bu fikirləri Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri, politoloq Orxan Vəliyev AZƏRTAC-a açıqlamasında deyib.

Politoloq bildirib ki, iki əsr ərzində işğal, müstəmləkə və torpaq itkisi ilə üzləşən Azərbaycan dövləti sonda Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa etdi. Qazanılan Qələbə Azərbaycan üçün yeni imkan və çağırışları da bərabərində gətirdi. Çünki Zəfərə qədər qurulan siyasi, diplomatik münasibətlər də artıq yenidən formalaşdırılır. Vətən müharibəsində Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini müdafiə edən dövlətlər olduğu kimi, qarşı çıxaraq işğalçı tərəfi dəstəkləyən dövlətlər də var idi. İran və Fransa Vətən müharibəsində Azərbaycanın əleyhinə mövqe sərgiləyən ölkələrin başında gəlirdi. Digər tərəfdən, ötən il Ukraynada başlayan müharibənin təsirlərinin qlobal xarakter almağa başlaması dövlətlər arasındakı münasibətlərə də təsir göstərməyə başladı. Azərbaycan dövləti həm işğal dövründə, həm də Qələbədən sonra balanslı xarici siyasət strategiyasını qorumaqda davam edir. Həm müharibə ərəfəsində, həm də sonrasında baş verən prosesləri nəzərə alaraq Azərbaycan bir sıra məsələlərdə mühüm addımlar atır.

O.Vəliyev deyib ki, İran Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də işğalçı Ermənistanın tərəfini tutdu. Zəfərdən sonra İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməklə Azərbaycanın suverenliyini təhdid etməyə, rəsmi Bakının qərarlarına təsir etmək imkanı yaratmağa çalışdı. Ardınca Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror hücumu törədildi. Son olaraq isə Azərbaycanın hava sərhədi pozuldu. Lakin İran Azərbaycanın artıq əvvəlki Azərbaycan olmadığını diqqətdən qaçırır. Digər tərəfdən, Qələbədən sonra Azərbaycan gəncliyi Qarabağda Azərbaycanın maraqlarını qorumaq üçün aylarla davam edən sivil aksiya təşkil etdiyi halda, sistemin sosial-iqtisadi, siyasi təzyiqlərindən yorulan İran gəncliyi uzun müddətdir molla rejiminə qarşı etiraz edir. Yəni, Azərbaycan artıq ötən əsrdəki Azərbaycan deyil. XX əsrin siyasi konfiqurasiyası artıq istifadə müddətini bitirdiyindən dövlətlər özlərini yeni əsrin çağırışlarına hazırlayırlar. Azərbaycan dövləti ötən əsrdən qalan işğalı yeni əsrin müharibə strategiyası ilə sonlandırdığı halda, İran ötən əsrin paradiqmasına görə inşa edilən anlayışda qalmaqda təkid edir.

“Zəngin tarixi keçmiş və dövlətçilik ənənələri üzərində inşa olunan Azərbaycan Respublikası ərazilərinin 20 faizinin işğal altında qaldığı otuz ilə yaxın dövrdə torpaqlarını azad etməyə, həmçinin XXI əsrin çağırışlarına cavab vermək üçün hazırlaşırdı. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki Zəfəri məhz bu uzaqgörən strategiyaya söykənir. Bu strategiyanın əsasında Azərbaycan dövlətinin regionda və dünyada tərəfdaşlıqlarının gücləndirilməsi və artırılması dayanmaqdadır. Nəticədə Azərbaycan yetkin siyasi iradə, güclü ordu və tərəfdaş ölkələrin dəstəyi ilə Qarabağda Zəfər qazandı. Bu Zəfər Türk dünyasında əməkdaşlığın və birliyin möhkəmləndirilməsi üçün də mühüm imkanlar ortaya qoyur. Lakin Azərbaycan dövləti xarici siyasət strategiyasını Türk dünyası ilə məhdudlaşdırmır. Ölkəmiz müstəqilliyin ilk illərindən bir sıra dövlətlərlə siyasi, iqtisadi, hərbi və digər sahələrdə dərin münasibətlər qurub. Digər tərəfdən, Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan yeni geosiyasi şəraitdə Azərbaycan sahib olduğu və getdikcə daha böyük əhəmiyyət qazanan imkanlarından istifadə edərək Avropa ölkələri ilə də tərəfdaşlığını möhkəmləndirməyə çalışır. Beləliklə, Azərbaycan dövləti Vətən müharibəsində Qələbə qazanmaqla regional və qlobal kontekstdəki proseslərdə söz sahibi olmaq və mühüm qərarlar qəbul etmək imkanı qazanıb”, - deyə politoloq vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.