QAN YADDAŞI


Xalqımıza qarşı törədilmiş qətliamların qisasını döyüş meydanında aldıq - Deputat

Xalqımıza qarşı törədilmiş qətliamların qisasını döyüş meydanında aldıq - Deputat

Bakı, 30 mart, AZƏRTAC

Tarixi ötəri belə vərəqlədikdə xalqımızın yurdsevərlik qəhrəmanlıq humanizm kimi ali dəyərlərə əzəli bağlılığı və sadiqliyi açıq-aydın görünür. Zəhmətdən, halallıqdan yoğrulmuş yaşam tərzi xalqımızın mövcudluğunun əsası kimi təkcə regionda deyil, bütün dünyada xalqımızı layiqincə tanıdır.

Ümumiyyətlə, xalq olaraq heç vaxt heç kəsin torpağında gözümüz olmayıb, kimsənin haqqına əl uzatmamışıq. Tolerantlıq, multikulturalizm xalqımızın üstün keyfiyyətlərindən biri kimi supergüclərin sivil dəyərləri hörmətdən saldığı bir dövrdə dünya birliyi üçün əsl nümunə və birgəyaşayış timsalı olub. Tarixin bütün dövrlərində "Odlar yurdu" qonşu xalqlara, fərqli məzhəblərə qucaq açıb, zəka böyüklüyünü, könül genişliyini dostlardan da, yadlardan da əsirgəməyib.

Lakin təəssüf ki, bu rəğbət və mərhəmət xalqımıza könül xoşluğu ilə yanaşı, böyük faciələr də yaşadıb. Gəlmələrin namərdliyi, xəyanəti nəticəsində tarixi torpaqlarımızı itirmişik. Dost bildiklərimiz məmləkətimizi hissələrə bölüblər. Bu coğrafiyada heç vaxt yaşamayan mənfur ermənilər məqsədli şəkildə qədim torpaqlarımızda məskunlaşdırılıb, nəhayət, tarixi ərazimizdə onlara oyuncaq dövlət də qurulub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Deputat bildirib ki, xain qonşumuz və onun havadarları bununla kifayətlənməyərək “böyük Ermənistan” xülyasını məmləkətimizdə gerçəkləşdirmək məqsədilə türk soyumuza, müsəlman din qardaşlarımıza qarşı etnik təmizləmə, deportasiya, soyqırımı kimi bəşəri cinayətlər törədiblər.

Xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart–aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin xalqımıza qarşı xüsusi qəddarlıqla kütləvi qırğınlar həyata keçirməsidir. Qanlı statistikaya nəzər salanda dəhşətli mənzərənin şahidi oluruq. Belə ki, adıçəkilən dövrdə ermənilər Azərbaycanın müxtəlif bölgələrində on minlərlə dinc türk-müsəlmanı milli-dini düşmənçilik zəminində qətlə yetiriblər. Bakı şəhərində, Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda da heç bir təqsiri olmayan yerli əhalinin əsl soyqırımı aparılıb. Yaşayış məntəqələrimizlə yanaşı, mədəniyyət abidələrimiz, məscid və qəbiristanlıqlarımız da yerlə-yeksan edilib.

Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri soyqırımı siyasətinin coğrafiyasını bir qədər də genişləndirərək Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Məsələn, 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakıda, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak quldur dəstələri 30 mindən çox azərbaycanlını işgəncə ilə məhv ediblər, 100 minlərlə insanı öz torpağından didərgin salıblar.

Erməni cəlladlarının vəhşiliyi bununla da bitməyib. Multikultural dəyərlər, tolerantlıq məbədi olan Azərbaycanda vəhşiləşmiş erməni silahlı dəstələri minlərlə talış, ləzgi, yəhudi, rus və avarı diri-diri yandırmış, onların milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni, tarixi abidələrini dağıtmışlar.

Ümumiyyətlə, Qafqazda xalqımıza qarşı qətllər törətməklə burada özlərinə dövlət qurmaq məqsədi ilə yaradılmış “Daşnaksütyun” terror təşkilatının millətimizin məhvinə yönəlmiş fəaliyyətini izləyib bu cinayətlərdən xəbər tutduqca insanın damarlarında qanı donur. O zaman dinc soydaşlarımızın qətliamında “Daşnaksütyun” partiyasının 4 minlik silahlı dəstəsi daha amansızlıqla iştirak etmişdir.

Tarixi sənədlərdə o zaman Şamaxıda 17 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Bundan başqa, Quba qəzasının 122 kəndi ermənilər tərəfindən tamamilə dağıdılmış, 2 min 750-dən çox ev tamamilə yandırılmışdır. Qubada aşkarlanan kütləvi məzarlıq isə bir zaman insanlığın bitdiyi yerdə baş vermiş iyrənc vəhşiliyin izlərini yaşadır.

Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırımlarını tarixin yaddaşında bütövləşdirmək, gələcək üçün rəsmiləşdirmək, unutmamaq məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 mart Azərbaycan xalqının soyqırımı günü elan edilib. Bu tarixi sənəd müstəqillik şəraitində düşmən qəsdlərindən qorunmaq üçün yaddaş kitabçamız oldu.

Sonda R. Mahmudov bildirib ki, taleyimiz öz əlimizdə olandan sonra biz başımıza gətirilmiş faciələri unutmadıq, qanlı qətliamları ürək ağrısı ilə yaşadıq. Nifrətimizi silaha çevirib müstəqilliyimizin banisi, ümummilli lider Heydər Əliyevin qurduğu məğlubedilməz ordumuzun sıralararına qoşulduq. 2023-cü ilin payızında səbir kasamızın daşdığı günlərdə Prezident İlham Əliyevin mahir sərkərdəliyi altında uzun sürən həsrətimizə son verdik, Qarabağımızı işğaldan azad etdik. Lakin biz erməni silahlı quldurları kimi mülki evləri yıxmadıq, dinc insanları qətlə yetirmədik. Xalqımız tarixi keçmişinə məxsus mərdliklə, döyüş meydanında haqq sözünü dedi.

“Tariximizin bu misilsiz Qələbəsi bütün faciələrimizin intiqamı kimi tarixə həkk olundu. Keçmişdə yaşanmış kədərin əvəzinə, bu günümüzə və gələcəyimizə sevinc gətirdik. Şərəfini qoruyan qalib xalq kimi milli varlığımızı ən yüksək səviyyədə şərəfləndirdik. Faciələrin kədərini Qələbə sevinci ilə tarixdən sildik”, - deyə deputat vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.