CƏMİYYƏT


Baş Dövlət Yol Polisi İdarəsi ətraf mühitin qorunması ilə bağlı əhaliyə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi ətraf mühitin qorunması ilə bağlı əhaliyə müraciət edib

Bakı, 30 mart, AZƏRTAC

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ətraf mühitin qorunması ilə bağlı əhaliyə müraciət edib.

İdarədən AZƏRTAC-a daxil olan məlumatda deyilir: “Təəssüf ki, hələ də avtomobil yollarında mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan avtonəqliyyat vasitələrinə rast gəlinir. Mütəxəssislərin bildirdiyinə görə, bu gün respublikamızda atmosfer havasına atılan çirkləndirici maddələrin 75 faizindən çoxu məhz avtomobil və maye yanacağı ilə işləyən mühərriklərin payına düşür. Hesablamalara görə ölkədə avtomobil nəqliyyatından atmosfer havasına il ərzində atılan zərərli maddələrin miqdarı 700 min tona yaxındır.

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən aidiyyəti qurumlarla birgə mütəmadi olaraq tədbirlər görülür, “Təmiz hava” aylıqları keçirilir. Priventiv əhəmiyyət kəsb edən belə tədbirlər zamanı atmosferə normadan artıq zərərli maddələr atan avtomobillərin istismarının qarşısının alınması ilə yanaşı, sürücülərlə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərlə nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı maarifləndirmə xarakterli söhbətlərin aparılmasına xüsusi önəm verilir.

Cəmiyyətin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə bir daha sürücülərdən, fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir, eyni zamanda bu sahədə yol verilən qayda pozuntularının inzibati məsuliyyət yaratmasını onların nəzərinə çatdırırıq.

Bununla yanaşı, əhaliyə müraciət edərək onlardan zərurət olmadıqda avtomobildən istifadəni azaltmağı, ictimai, eyni zamanda alternativ nəqliyyat vasitələrindən istifadəyə üstünlük verməyi xahiş edir, piyada hərəkətin faydalarından yararlanmağı tövsiyə edirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.