“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik ediləcək
AzerTAg.az

Bakı, 30 mart, AZƏRTAC
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik ediləcək.
AZƏRTAC xəbər verir ki, dəyişikliyi nəzərdə tutan qanun layihəsi birinci oxunuşda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin martın 30-da keçirilən iclasının gündəliyinə daxil edilib.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi “Notariat haqqında” Qanuna təklif edilən dəyişikliklərlə əlaqədardır. Sənəd Azərbaycan Respublikasının Prezidenti tərəfindən bir müşayiət məktubu ilə Milli Məclisin müzakirəsinə təqdim edilib. Belə ki, “Notariat haqqında” Qanunun, notariat hərəkətlərinin aparılması üçün lazım olan məlumat və sənədlərin tələb edilməsini nəzərdə tutan 36-cı maddəsinə dəyişiklik təklif edilərək, notariusun kommersiya hüquqi şəxslərinin təsisçiləri, onların nizamnamə kapitalındakı payları barədə məlumatlarla yanaşı, həm də kommersiya hüquqi şəxslərinin nizamnamələri və dövlət qeydiyyatı haqqında şəhadətnamələri barədə məlumatları da elektron informasiya sistemləri vasitəsilə elektron sorğu əsasında əldə etmək hüququ müəyyən edilir. Qeyd edilənə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna uyğunlaşdırma xarakterli müvafiq dəyişikliklər təklif edilir.
Xəbərin mətnində orfoqrafik səhv var