Bərdədə mağazada yararlılıq müddəti bitmiş ərzaq məhsulları aşkar edilib
AzerTAg.az
Bakı, 30 mart, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər çərçivəsində Bərdə rayonunun Divanlı kəndində fiziki şəxs Müşviq Vaqif oğlu Əliyevə məxsus ərzaq məhsullarının pərakəndə satışı mağazasında yoxlama həyata keçirilib.
Yoxlama zamanı mağazada qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ-hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Mağazada satışa təqdim edilən bəzi məhsulların saxlanma müddətinin bitdiyi və mal qonşuluğu prinsipinin pozulduğu, həmçinin işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və onların geyim qaydalarına əməl etmədiyi aşkarlanıb. Eləcə də mağazada dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində protokol tərtib edilib. Eyni zamanda saxlanma müddəti bitmiş məhsulların məhv edilməsinə dair qərar qəbul olunub.


Xəbərin mətnində orfoqrafik səhv var