ELM VƏ TƏHSİL
Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı tarixi əhəmiyyət daşıyır
Bakı, 31 mart, AZƏRTAC
XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğın 1905-1907-ci illərə təsadüf edir. Bu illərdə Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və Azərbaycanın digər tarixi torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirildi. 1917-ci il Oktyabr çevrilişindən sonra ermənilər iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başladılar. Qafqazın fövqəladə komissarı təyin edilən (mart 1918) Stepan Şaumyan Bakıya göndərildi. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan S.Şaumyan Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni millətçilərinin əməkdaşlığını təmin etdi, “Müsavat”ın mövqeyinin güclənməsinə imkan vermədi, hər addımda “Müsavat”ın siyasi təsirini aradan qaldırmaq, sosial dayaqlarını məhv etmək üçün müxtəlif metodlardan istifadə etdi.
Bu fikirləri AZƏRTAC-a AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı filologiya elmləri doktoru Lütviyyə Əsgərzadə bildirib. O qeyd edib ki, Bakı Soveti 1918-ci ilin yanvar ayında Şaumyanın göstərişi ilə Müsəlman korpusunun komandiri general Əsəd bəy Talışinskinin (Talışinski rus-yapon müharibəsində Port-Arturun qəhrəmancasına müdafiəsinin iştirakçısı olmuşdu) Bakı vağzalında həbs edilməsi şəhər əhalisi arasında hiddətə səbəb oldu, Bakıda və ətraf kəndlərdə etiraz nümayişləri başladı. Növbəti təxribat “Evelina” gəmisində Lənkərana getməyə hazırlaşan əsgərlərin tərk-silah edilməsi hadisəsi oldu. Martın 29-da məşhur milyonçu Şəmsi Əsədullayevin oğlu, zabit Əli Əsədullayevin komandanlığı altında “Vəhşi diviziya” hissələri sovet hakimiyyəti orqanlarının icazəsi olmadan Lənkərana yola düşmək üçün Bakı limanında “Evelina” paroxoduna minirlər. Şəhərdə çoxsaylı erməni silahlı dəstələri var idi və bolşeviklər buna göz yumurdu. Martın 29-da gəmi ilə Lənkərana qayıtmaq üçün toplaşan müsəlman zabit və əsgərləri S.Şaumyanın tapşırığı ilə tərk-silah edilirlər. Müharibəyə başlamaq üçün bəhanə axtaran erməni daşnak-rus bolşevik silahlı dəstələrinin “Evelina” gəmisinə hücum edərək azərbaycanlıları tərk-silah etməsi əhali arasında narahatlığa səbəb olur. Müsavatçılar alınmış silahların qaytarılması haqqında inqilabi komitəyə ultimatum verdilər və bu məqsədlə öz nümayəndə heyətlərini göndərdilər. Həmin gün Hərbi-İnqilab Komitəsində S.Şaumyanın, eləcə də “Müsavat” partiyasının nümayəndəsi Məhəmməd Əmin Rəsulzadənin iştirakı ilə keçirilmiş təcili müşavirədə alınmış silahların “Hümmət” təşkilatı vasitəsilə qaytarılması qərara alındı. Beləliklə, S.Şaumyanın qabaqcadan hazırladığı təxribat baş tutdu və azərbaycanlıların qırğınının başlanması üçün siqnal oldu. Erməni Milli Şurası və ona tabe olan bütün erməni silahlı qüvvələri təxribatın əvvəlində özlərinin bitərəfliyini elan etsələr də, sonradan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tərəfinə keçdilər. Əslində yalnız adı sovetlərin siyahısında olan Bakı Sovetinin ordusu Erməni Milli Şurasına tabe idi. Bolşevik N.N.Kolesnikova öz xatirələrində həmin dövrdə Bakıda baş verənləri şərh edərək yazırdı: “Müsavatçılar sıхışdırılıb şəhərdən uzaqlaşdırılan kimi ayrı-ayrı silahlı daşnak dəstələri şəhərdə qırğına, evləri yandırmağa, talanlar törətməyə, heç bir şeydə günahı olmayan dinc əhalini, başlıca olaraq azərbaycanlıları qətlə yetirməyə başladılar. Erməni silahlı dəstələrinin rəisi Tatevos Əmirov bizimlə sıx əlaqə saхlayırdı”.
Hətta daşnak silahlı dəstələri Nəriman Nərimanovun evinə də basqın edərək qardaşını həbs etmiş, özü isə qaçmaqla canını qurtarmışdı. Bütün bunları görən Məhəmməd Əmin Rəsulzadə yazırdı: “Bu üzdəndir ki, Cümhuriyyətin qurulduğu sırada müsəlləh rus ordusu qüvvələrinə dayanan bolşeviklər, Azərbaycanın baş kəndi Bakını zəbt etdilər, türk-müsəlman əhali üzərində qətli yapdılar”.
“Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanan S.Şaumyanın rəhbərliyi ilə Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirmək üçün fəaliyyətə keçən Bakı Kommunası, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrdə qırğınlar törətdi. 1918-ci il martın 30-dan Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanıldı. Qırğında Bakı Sovetinin 6 min, “Daşnaksütyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etdi. Bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş erməni silahlıları, uşaq, qadın, yaşlı, gənc demədən hər kəsi qətlə yetirdi. Üç gün davam edən qırğında bəzi mənbələrə görə 12, bəzi mənbələrə görə 17 min adam öldürüldü. Həmin dəhşətli günlərin şahidi olmuş Seyid Cəfər Pişəvəri “Bakıdakı ilk sovet hökumətinin müqəddəratı” adlı məqaləsində yazır: “Mən daşnakların vəhşiliklərini, saysız-hesabsız günahsız adamların, xüsusilə bitərəf iranlıların öldürülüb karvansaralarda meyitlərinin yandırılmasını öz gözümlə görmüşdüm. Bu, çox faciəli və nifrətləndirici bir hərəkət olmuşdu. Heç bir əsas və ünvan olmadan yalnız kin və ədavət üzündən daşnakların törətdikləri cinayət hər bir insanın ruhunu sıxıb kədərləndirirdi”.
Alim bildirib ki, bu qırğının dəhşətləri qeyri-müsəlmanlar tərəfindən də ifadə edilib. O zaman Bakıda olan ingilis konsulu Mak-Donald qeyd edir ki, “Bakıda şəhərin küçələrində müsəlman meyitlərindən başqa müsəlman qalmamışdı”. Yenə də o zaman Bakıda yaşayan bolşevik Bilyumin xatirəsində “Erməni daşnakları 1918-ci ilin yazında 3-4 gün içərisində şəhərdə 20 min kasıb müsəlman əhalisini qətlə yetirdi”yini qeyd edib. Soyqırımından az sonra, 1925-ci ildə Kulner soyadlı bir almanın Bakı qırğını haqqında yazdıqları qətliamın dəhşətini gözlər önünə sərir: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirlər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlının cəsədinin qulaqları və burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.
Rəsmi mənbələrə görə, 1918-ci ilin 30 mart-3 aprel tarixlərində Bakıda və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində on minlərlə dinc əhali etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilmişdi.
Zəngəzurda və Naxçıvanda, 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər həyata keçirilən qırğınlarda, Andranikin başçılığı altında erməni qoşun hissələrinin əli ilə İrəvan qəzasında 32 kənd, Eçmiədzin qəzasında 84 kənd, Nor-Bəyazid qəzasında 7 kənd, bütövlükdə 197 kənd dağıdılmış, sakinləri qətlə yetirilmiş, sağ qalanlar öz ev-eşiklərindən didərgin salınmış, əmlakları talan olunmuş, evləri dağıdılmışdı. Bu qədər ağır itkiyə, qırğına baxmayaraq, ermənilərin bu cinayətlərinə siyasi qiymət verilməsinə havadarları tərəfindən imkan verilməmiş, bolşeviklər ermənilərin müsəlman türklərinə qarşı törətdikləri soyqırımı ört-basdır etmişlər.
Yalnız Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələri araşdırıldı. Faciənin tədqiqi məqsədilə Nazirlər Şurası tərəfindən Fövqəladə İstintaq Komissiyası yaradıldı (15 iyul 1918). Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, “azərbaycanlılara qarşı soyqırımı törədən erməni quldurları təkcə Şamaxıda 8 minədək dinc sakini öldürmüş, Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi əhalisi ilə birgə tamamilə məhv edilmişdir. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək qətlə yetirilmişdir. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı isə qaçqın düşmüşdür. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilmiş, kəndlər isə yerlə-yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıtmış və əhalisini məhv etmişdir”.
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1919-cu və 1920-ci illərdə martın 31-i Ümummilli Matəm Günü kimi qeyd edilib. Bu, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi.
“Sovetlər İttifaqının çökməsi nəticəsində 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdi və sələfinin başladığı işi (31 Mart soyqırımına siyasi qiymət verməyi) başa çatdırmağı tarixi fürsət kimi qiymətləndirdi. 31 Mart soyqırımının araşdırılması, həqiqətlərin dünyaya çatdırılması işi Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla başladı. Bu Fərmanla erməni millətçilərinin hərəkətlərinə hüquqi-siyasi qiymət verildi. Soyqırımı barədə həqiqətlərin beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparıldı. Həmin vaxtdan 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.
Bu Fərman həm tarixə obyektiv qiymət vermək və azərbaycanlıların soyqırımı məsələsini dünya ictimaiyyətinə çatdırmaq baxımından mühüm sənəd, həm də uydurma “erməni soyqırımı” təbliğatına güclü zərbədir. Həmin Fərman XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, soyqırımların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli sənəd oldu. Fərmandan sonra 31 Mart soyqırımının öyrənilməsi istiqamətində mühüm işlər görüldü. Aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıldı, bir çox əsərlər yazıldı, əcnəbi dillərə tərcümə olundu.
2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunan Quba soyqırımı məzarlığı (kütləvi məzarlıq) bu dəhşətli faciənin (1918-ci ilin aprel - may aylarında təkcə Quba qəzasında 167 kənd tamamilə məhv edilib) sübutudur. Məzarlıqda azərbaycanlılarla yanaşı, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri xüsusi amansızlıqla qətl edilərək basdırılıb. 2009-cu ildə Nazirlər Kabinetinin qərarı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edildi, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alındı. 2013-cü il sentyabrın 18-də Quba Soyqırımı Memorial Kompleksinin açılışı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamın icrasından irəli gələn məsələlər geniş şəkildə həyata keçirilib.
Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində soyqırımının dəhşətli miqyası dünya ictimaiyyətinə çatdırılıb. Artıq beynəlxalq aləm erməni qəddarlığı, azərbaycanlılara qarşı törədilən soyqırımı və terror aktları ilə yaxından tanışdır”, - deyə alim fikrini yekunlaşdırıb.