ELM VƏ TƏHSİL


1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda - Respublika elmi konfransı

Bakı, 31 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 105-ci ildönümünə həsr olunmuş “1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda” mövzusunda respublika elmi konfransı keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Kəmalə Nəcəfovanın moderatorluğu ilə keçirilən konfransda Milli Məclisin deputatı, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, professor Anar İsgəndərov, Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri akademik Yaqub Mahmudov, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti Boran Əziz 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Sovetinin ordusu və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı aktının səbəbləri, dəhşətli faktları və nəticələri haqqında geniş məlumat veriblər. Bildirilib ki, rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində təkcə Bakı şəhərində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, bütövlükdə Cənubi Qafqazda 50 min nəfərdən çox türk-müsəlman əhali məhv edilib, on minlərlə insan itkin düşüb. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş bu dəhşətli faciənin ildönümü günləri, 1919 və 1920-ci illərin mart ayının 31-də iki dəfə ümummilli matəm günü kimi qeyd edilib. Sovet işğalından sonra proletar beynəlmiləlçiliyi təbliğ edən rejim bu dəhşətli tarixi unutdurmağa və xalqın hafizəsindən silməyə çalışsa da, buna nail ola bilməyib. Mart hadisələrinə hüquqi-siyasi qiymət Azərbaycan müstəqilliyini yenidən əldə etdikdən sonra Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanda azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. 1998-ci ildən 31 mart -Azərbaycanlıların soyqırımı günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir.

Konfransda AMEA-nın Məhəmməd Fizuli adına Əlyazmalar institutunun baş elmi işçisi Tahirə Həsənzadə “Türkiyəli alim Rza Nurun “Türk tarixi” əsərində Azərbaycan və 1918-ci il mart soyqırımı”, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti Lətifə Əliyeva “Mart soyqırımının qurbanı olan qadın və uşaqların taleyi sənədlərdə”, Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Aydın Məmmədov “Azərbaycanda törədilən 1918-ci il mart soyqırımlarının demoqrafik vəziyyətə təsiri tarixi tədqiqatlarda”, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının doktorantı Səidə Mehrəliyeva “Mirzə Bala Məmmədzadənin əsərlərində mart soyqırımı” mövzusunda məruzələr ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.