QAN YADDAŞI


Anastasiya Lavrina: Ermənistanın cəzasız qalmasına və onun saysız-hesabsız cinayətlərinə son qoymaq vaxtıdır

Anastasiya Lavrina: Ermənistanın cəzasız qalmasına və onun saysız-hesabsız cinayətlərinə son qoymaq vaxtıdır

Bakı, 31 mart, AZƏRTAC

1918-ci ilin 31 mart günü Azərbaycanın tarixində ən qanlı səhifələrindən biridir. Həmin ilin mart-aprel aylarında silahlı daşnak-bolşevik dəstələri Azərbaycanın bir neçə şəhərində və digər yaşayış məntəqələrində bir sıra cinayətlər və soyqırımı törədiblər. On minlərlə insan yalnız milli və dini mənsubiyyət əlamətinə görə qəddarcasına qətlə yetirilib. İnsanlar təqiblərə də məruz qalıb. Təqribən 10 min nəfər yaşadığı yerdən zorla qovulub. Yaşayış məskənləri dağıdılıb, mədəniyyət abidələri, məscidlər və məzarlıqlar yerlə-yeksan edilib.

Azərbaycan Rus İcmasının sədrinin müavini, jurnalist və politoloq Anastasiya Lavrinanın AZƏRTAC-a təqdim etdiyi məqalədə qeyd olunur ki, bu hadisələr erməni millətçilərin dinc əhaliyə qarşı sistematik surətdə törətdikləri etnik təmizləmələrin davamı idi. Onlar XIX-XX əsrlərdə yeni ərazilər işğal etmək və əsrlər boyu bu regionda yaşayan xalqları öz yurdundan qovmaq yolu ilə mifik “böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün həmin xalqlara qarşı etnik təmizləmə, deportasiya və soyqırımı siyasəti yürüdüblər.

On minlərlə azərbaycanlılarla bərabər ləzgi, yəhudi, rus, avar və talış millətinə mənsub olan minlərlə insan xüsusi qəddarlıqla qətlə yetirilib.

Məqalədə daha sonra deyilir ki, ermənilər Qafqaza sonradan gəlmə xalqdır. Rusiya-İran və Rusiya-Osmanlı müharibələri nəticəsində ermənilərin Cənubi Qafqaza kütləvi şəkildə köçürülməsi başlandı. Məlumdur ki, Cənubi Qafqaza köçürülən ermənilər əsasən Azərbaycanın İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazisində yerləşdirilib. Onlar bu ərazilərə gələndən sonra başqa xalqların irsini tədricən mənimsəməyə və məhv etməyə başlayıblar. Alban məbədlərinin çoxu “erməniləşdirilib”.

1905-ci ildən başlayaraq ermənilər fəal şəkildə silahlanır, Azərbaycanın müxtəlif regionlarında, xüsusən Bakıda sabitliyi pozurdular. Çar Rusiyasının mövcudluğunun son illərində ermənilər hakimiyyət böhranından istifadə edərək, kəndlərin və qəsəbələrin əhalisini qırmağa, Azərbaycan torpaqlarını zəbt etməyə başladılar.

Birinci Qarabağ müharibəsi dövründə də ermənilər Azərbaycan xalqına qarşı soyqırımı aktları törədiblər. Həmin illərdə ermənilərin işğalçı hərəkətləri qadınlar, qocalar və uşaqlar da daxil olmaqla heç bir təqsiri olmayan insanların qətlə yetirilməsi ilə müşayiət olunurdu. Hətta 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi dövründə Ermənistan özünün təcavüzkar siyasətinin prinsiplərinə “sadiq” qalaraq döyüş meydanından uzaqda yerləşən dinc Azərbaycan şəhərlərini raket atəşlərinə tutublar. Bu da dinc əhaliyə qarşı bir növ soyqırımıdır.

1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış Fərmana müvafiq olaraq hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Anastasiya Lavrinanın məqaləsi bu sözlərlə bitir: “Biz günahsız qurbanların xatirəsini daim ehtiramla yad edəcəyik. Lakin Ermənistanın cəzasız qalmasına və onun insanlığa qarşı törətdiyi saysız-hesabsız cinayətlərə son qoymaq vaxtıdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.