ELM VƏ TƏHSİL


Azərbaycan ədəbi dili tarixinin görkəmli araşdırıcısı – professor Nizami Xudiyev

Azərbaycan ədəbi dili tarixinin görkəmli araşdırıcısı – professor Nizami Xudiyev

Bakı, 1 aprel, AZƏRTAC

Filologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi Nizami Xudiyev nümunəvi həyat, yaradıcılıq yolu keçmiş bənzərsiz şəxsiyyət, geniş dünyagörüşlü ziyalı, zəngin bilikli alim və müəllim kimi onu tanıyanların yaddaşında qalıb.

AZƏRTAC xəbər verir ki, aprelin 1-i görkəmli dilçi-alim Nizami Xudiyevin doğum günüdür.

Nizami Xudiyev 1949-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsini bitirib. Burada təhsil aldığı illərdə “Nizami Gəncəvi” adına fərdi təqaüdə layiq görülüb. O, 1978-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə edib, 1994-1996-cı illərdə ADPU-nun rektoru olub, 1996-2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə rəhbərlik edib. Milli Məclisin deputatı olduğu dövrdə dövlət quruculuğu, iqtisadi islahatlar, mədəniyyət və təhsil sahəsində qanun layihələrinin müzakirəsində tutarlı təklif və mülahizələri ilə həmişə seçilib. Dövlət, hökumət və parlament nümayəndə heyətlərinin tərkibində dəfələrlə xarici ölkələrdə respublikamızı ləyaqətlə təmsil edib.

Dövlət strukturunda məsul vəzifə tutduğu dövrdə də Nizami Xudiyev elmi fəaliyyətini davam etdirib, ədəbi dil sahəsində sanballı tədqiqatları ilə Azərbaycan dilçilik elminin inkişafına töhfələr verib. O, 60-dan çox monoqrafiya, dərslik və dərs vəsaitinin, 50-dən artıq sənədli televiziya filminin ssenari müəllifidir. Elmi-kütləvi nəşrlərdə, qəzet və jurnallarda 400-dən çox elmi məqaləsi dərc edilib. Gərgin elmi araşdırmaların məhsulu olan “Azərbaycan ədəbi dilinin təşəkkülü”, “Tərcümə ədəbiyyatı və ədəbi dilimiz”, “Azərbaycan ədəbi dili tarixi”, “Azərbaycan ədəbi dilinin sovet dövrü”, “Heydər Əliyev və Azərbaycan dili”, “Xalq və dövlət naminə”, “Yazıçı dili və üslubu”, “Radio, televiziya və ədəbi dil”, “Xalqın tarixi haqqı: dilimiz, varlığımız”, “Zamanın axarı ilə” (I-II), “Şəxsiyyət və zaman”, “Uğurlu yolun layiqli davamçısı”, “ҮАР dünənin, bu günün, sabahın partiyasıdır” və digər fundamental əsərləri Nizami Xudiyevin Azərbaycan elminə sanballı və əvəzolunmaz töhfəsidir.

Nizami Xudiyev görkəmli dilçi-alim Əbdüləzəl Dəmirçizadənin 110 illiyinə həsr olunmuş “Professor Ə.Dəmirçizadə dünyası” adlı monoqrafiya hazırlayıb.

Görkəmli alimin bir sıra kitab və məqalələri xarici ölkələrdə - İran, Türkiyə, Rusiya, Almaniya, İraq, İsveçrə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və digər ölkələrdə nəşr edilib. O, türkoloq-alim kimi respublikamızda və xaricdə keçirilən türkoloji tədbirlərin - qurultay, beynəlxalq simpozium və elmi konfransların nümayəndəsi olub və bu mötəbər toplantılarda elmi məruzələrlə çıxış edib. Alim Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında fəal iştirakına görə orden və medallarla təltif edilib, bir çox beynəlxalq mükafatlara layiq görülüb.

Onu Vətənimizdə, qardaş Türkiyədə və İranda, eləcə də dünyanın başqa ölkələrində Azərbaycan ədəbi dili tarixinin çox görkəmli araşdırıcısı kimi tanıyırlar.

Nizami Xudiyev 2021-ci il mayın 23-də vəfat edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.