DÜNYA
2,5 MİLYON AVRO DƏYƏRİNDƏ STRADİVARİ SKRİPKASI OĞURLANMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ötən həftənin sonu Vyananın Mariahilf rayonunda yaşayan bir musiqiçinin mənzilindən ümumi dəyəri 3 milyon avro olan musiqi alətləri oğurlanmışdır. Oğurlanmış musiqi alətləri içərisində Stradivarinin dəyəri ən azı 2,5 milyon avro olan skripkası da vardır.
Bazar günü axşam Almaniyadan qastrol səfərindən qayıdan musiqiçi mənzilini talan olunmuş vəziyyətdə görmüşdür. Oğrular xüsusi vasitələrdən istifadə edərək musiqi alətlərinin saxlandığı seyfi açmağa müvəffəq olmuşlar. Daim evdə məşq etməyi sevən musiqiçi qonşuları narahat etməmək üçün mənzilin divarlarına səskeçirməyən örtüklər hazırlatmışdır. Bu səbəbdən də mənzil qarət olunarkən qonşular səsdən duyuq düşməmişlər.
Mütəxəssislər skripkanın nadir nümunələrdən olması səbəbindən musiqi alətləri bazarında satılmasının qeyri-mümkün olduğunu bildirmişlər. Polis qarətin musiqiçinin həyat tərzinə və mənzilinə yaxşı bələd olan şəxslər tərəfindən törədildiyi fikrindədir. Eyni zamanda İnterpol da təhqiqatlara başlamışdır.
Məşhur çalğı alətləri sənətkarı Antonio Stradivari (1644-1737) tərəfindən hazırlanmış musiqi alətləri materialı, boya örtüyü və ən başlıcası isə səs keyfiyyəti ilə bütün dünyada əvəzolunmazdır. Şimali İtaliyanın Kremona şəhərində şəxsi emalatxana sahibi olmuş Stradivarinin əlinin məhsulu olan 60-dək skripka (ümumilikdə isə 650 çalğı aləti) günümüzədək gəlib çatmışdır. Onun hazırladığı çalğı alətlərinin ecazkar səs keyfiyyətinin sirri hələ də tam açılmamışdır.
2006-cı ilin mayında Nyu-York şəhərində məşhur italyan sənətkarının yaratdığı “Hammer” adlı skripka (ilk sahibi olmuş İsveç saray zərgəri və kolleksiyaçısı Kristian Hammerin adı ilə belə adlanır) “Kristis” hərracında rekord qiymətə - 3,544 milyon dollara satılmışdır.