Batumidə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub
AzerTAg.az
Tbilisi, 11 may, AZƏRTAC
Gürcüstanın Batumi şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Batumidəki baş konsulluğu tərəfindən keçirilən tədbirdə Acarıstan Muxtar Respublikası Ali Məclisinin sədri Davit Gabaidze, təhsil naziri Maiya Xajişvili, səhiyyə naziri Nino Nijaradze, Batumi şəhər meri Arçil Çikovani, Türkiyənin bu şəhərdəki baş konsulu Rıza Kağan Yılmaz, SOCAR-ın Acarıstandakı nümayəndəliyinin rəhbəri, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən forosərgiyə baxıblar.
Tədbirdə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.
Baş konsul Pərviz İsmayılzadə çıxış edərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsi tarixi hadisədir. Bu qərar dahi şəxsiyyətin müstəsna xidmətlərinin, zəngin həyat və fəaliyyətinin daha yaxından öyrənilməsi üçün böyük fürsətdir. Hər bir xalqın taleyində müstəsna rol oynayan, xilaskarlıq missiyası həyata keçirən tarixi şəxsiyyətlər var. Azərbaycan xalqının tarixində bu şəxsiyyət Ümummilli Liderimiz Heydər Əliyevdir.
Bu gün Ulu Öndərin banisi olduğu müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada söz və nüfuz sahibinə çevirilib. Ulu Öndərin ən böyük arzusunu – işğal altındakı ərazilərimizin azad edilməsini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq reallaşdırdı. Azərbaycan xalqı xoşbəxtdir ki, onun dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Heydər Əliyev kimi Ümummilli Lideri var. Bu gün hər birimiz fəxr edirik ki, müasir müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da tarixdə yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcək.
Acarıstan Ali Məclisinin sədri Davit Gabaidze Ulu Öndərin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edərək deyib: “Bu gün fenomen şəxsiyyət Heydər Əliyevin yubileyi təkcə Azərbaycanda deyil, dünyanın hər bir yerində, eləcə də Gürcüstanda da qeyd olunur. Ulu Öndər dost ölkələr olan Gürcüstan və Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin əsasını layiqli şəkildə qoyub və indiki hökumət bunu uğurla davam etdirir. Bu, bizim üçün qürurverici və sevindirici haldır. Gürcüstan və Azərbaycan əməkdaşlıq əlaqələrinin gündən-günə daha da inkişaf edəcəyinə inanıram”.
Türkiyənin Batumidəki baş konsulu Rıza Kağan Yılmaz çıxış edərək, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan xalqına və tədbir iştirakçılarına təbriklərini çatdırıb.
Çıxışlardan sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Əbədiyyətin ilk əsri” adlı sənədli film nümayiş olunub.
Tədbirin sonunda baş konsulluğun nəzdində fəaliyyət göstərən bazar məktəbinin şagirdləri Ulu Öndər Heydər Əliyevə həsr edilmiş şeirlər söyləyib, mahnılar oxuyublar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi





Xəbərin mətnində orfoqrafik səhv var