DÜNYA
Avstriya Ukraynanın minalardan təmizlənməsi üçün 2 milyon avro ayıracaq

Bakı, 28 may, AZƏRTAC
Vyana Ukraynada minatəmizləmə avadanlıqları üçün 2 milyon avro ayırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Ukraynadakı ağır humanitar vəziyyətin azaldılması üçün Avstriya federal hökuməti 2 milyon avro ayıracaq", - nazirlik bu vəsaitin minalardan təmizlənməsi üçün avadanlıqların alınmasına yönəldiləcəyini bildirib.
Qeyd edilib ki, vəsait minatəmizləmə üzrə ixtisaslaşmış humanitar qeyri-kommersiya təşkilatına veriləcək.
Federal Kansler Karl Nehammerin sözlərinə görə, döyüşlər davam edərkən Avstriya Ukraynaya minatəmizləmə mütəxəssisləri göndərmək niyyətində deyil.
XİN-in məlumatına görə, minalanmış ərazinin sahəsi 250 min kvadratmetrdən çoxdur.
Daha əvvəl Avstriya Müdafiə Nazirliyinin rəhbəri Klaudiya Tanner bildirib ki, Vyana Kiyevi silahla təmin etmir və Ukrayna hərbçilərinin təlimlərində iştirak etmir.