İDMAN
Ölkəmizdə 2022-2023-cü il futbol mövsümünün ən yaxşıları mükafatlandırılıb








Bakı, 30 may, AZƏRTAC
“Sports.az” saytı ETOPAZ-la birlikdə Azərbaycan futbol tarixində ilkə imza ataraq, bir neçə nominasiyada 2022-2023-cü il futbol mövsümünün ən yaxşılarını seçib.
AZƏRTAC xəbər verir ki, “Sports.az Awards”ın qalibləri təntənəli mərasimdə mükafatlandırılıb.
“Neftçi”nin və milli komandamızın kapitanı Emin Mahmudov “Mövsümün ən yaxşı futbolçusu” adına sahib olub.
Altı nominasiyadan yalnız birində sorğuda iştirak edənlərin hamısı yekdilliklə 1 nəfərə səs verib. Bu “Qarabağ”ın və mövsümün ən yaxşı baş məşqçisi Qurban Qurbanovdur.
“Sabah”ın və milli komandamızın gənc üzvü Yusif İmanov “Ən yaxşı qapıçı”, “Qarabağ”ın forvardı Musa Qurbanlı “Ən yaxşı gənc futbolçu” nominasiyasında fərqlənib.
Əliyar Ağayev “Ən yaxşı hakim”, “Qarabağ”ın direktoru Emrah Çelikel isə “Ən yaxşı klub funksioneri” seçilib.
“Araz Naxçıvan” futbol klubu “Ən böyük tərəqqiyə nail olmuş klub” kimi, “Sabah” klubu “Uşaq futbolunun inkişafındakı roluna görə”, “Turan Tovuz”un yeni sponsoru, “Huner Group”un rəhbəri Ehtiram Quliyev “Bölgə futbolunun inkişafındakı xidmətlərinə görə”, ETOPAZ-ın rəhbəri Altay Əliyev “Mediaya daimi dəstəyinə görə” xüsusi mükafatlara layiq görülüblər.
Mükafatları Vətən müharibəsi şəhidi baş leytenant Səid Rəşidzadənin atası Nofəl Qasımov, futbol üzrə Olimpiya çempionu İqor Ponomaryov, dünya və Avropa çempionu Arif Əsədov, dünya çempionu Vladislav Qədirov, Azərbaycan tarixinin ən yaxşı futbol hakimlərindən biri Rüstəm Rəhimov, “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov, Beynəlxalq Futvolley Federasiyasının prezidenti Vüsal Xəlilov, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov və “Sports.az” saytının təsisçisi və baş redaktoru Anar Şabanoğlu təqdim ediblər.