CƏMİYYƏT
263 şəhidin 423 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul edilib
Bakı, 18 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı sahəsində işlər davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Fərmanın icrası ilə əlaqədar nazirlikdə fəaliyyət göstərən Komissiyanın növbəti iclasında vurğulanıb ki, şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təmin edilməsi dövlət başçısının mühüm sosial əhəmiyyət kəsb edən humanist bir addımı olmaqla, ölkəmizdə şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasına göstərilən qayğının növbəti təzahürüdür.
İclasda şəhid hərbi qulluqçulardan daha 263-ü üzrə 423 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul edilib. İndiyədək 2897 şəhid hərbi qulluqçu üzrə 3856 vərəsəyə birdəfəlik ödəmənin verilməsi barədə qərarlar qəbul olunub. Həmin qərarlar əsasında müvafiq vəsaitlərin ödənişi davam etdirilir.