CƏMİYYƏT
Beynəlxalq Əmək Təşkilatı: Varlı və yoxsul ölkələr arasında məşğulluq üzrə uçurum artır

Bakı, 31 may, AZƏRTAC
Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatında qeyd edilib ki, son illər varlı və yoxsul ölkələr arasında məşğulluq üzrə uçurum artır. Təşkilat bunun əsas səbəbinin davamlı böhranlar nəticəsində borcların artması olduğunu bildirib.
AZƏRTAC təşkilatın hesabatına istinadla xəbər verir ki, BƏT məşğulluq üzrə uçurumun artmasının əsas səbəblərindən birinin də COVID-19 pandemiyası olduğunu vurğulayıb. Belə ki, 2023-cü ildə qlobal işsizlik pandemiyadan öncəki səviyyədən də çox olub və işsizlərin sayı 191 milyon nəfərə yüksəlib. Afrika və ərəb regionundakı yoxsul ölkələrdə vəziyyətin daha acınacaqlı olduğunu qeyd edən hesabat müəllifləri bildiriblər ki, Afrikanın şimalında işsizliyin səviyyəsi 11,2 faiz artıb. Latın Amerikası və Karib regionu ölkələrində isə bu göstəricilər sabit qalıb. Gəlir səviyyəsinin aşağı olduğu ölkələrdə orta rəqəm 25,7 faiz olduğu halda, inkişaf etmiş dövlətlərdə işsizliyin səviyyəsi 8,2 faiz təşkil edir.
BƏT-in baş direktoru Gilbert F. Houngbo bildirib ki, son hesabat qlobal miqyasda işsizliyin artması ilə bağlı həyəcan siqnalıdır. Onun sözlərinə görə, hökumətlər yeni iş yerlərinin açılması ilə yanaşı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də tədbirlər görməlidir. Baş direktor vurğulayıb ki, rəhbərlik etdiyi təşkilat bu səyləri dəstəkləmək məqsədilə “Sosial ədalət naminə qlobal koalisiya” təşəbbüsünü irəli sürüb. “Bizim təşəbbüsümüz sosial ədalətin, qlobal sabitliyin təməl daşı olacaq və bu istiqamətdə yürüdülən beynəlxalq siyasətə töhfə verəcək”, -deyə BƏT rəhbəri qeyd edib.
Hesabatın sonunda bildirilir ki, məşğulluq sahəsində yaranan uçurumu aradan qaldırmaq üçün bütün ölkələr səylərini birləşdirməli, birgə qlobal layihələr həyata keçirilməlidir.