İDMAN
Gənclər və idman naziri beynəlxalq turnirlərdə uğurla çıxış etmiş idmançılarla görüşüb

Bakı, 31 may, AZƏRTAC
Mayın 31-də Milli Gimnastika Arenasında gənclər və idman naziri Fərid Qayıbov ay ərzində beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib.
Sonra ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarx nümayiş olunub.
Nazir Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və onlara nailiyyətlər arzulayıb.
Ardınca onlar idman tarixi mövzusunda nazirin suallarını cavablandırıblar.
Tədbirdə ağır atletika, bodibildinq, boks, bədii gimnastika, cüdo, kamandan oxatma, karate, idman gimnastikası, kikboksinq, qrapplinq, para-pauerliftinq, para-atıcılıq, para-üzgüçülük, para-atletika, pankration, taekvondo, savat, sərbəst güləş, yunan-Roma güləşi, stolüstü tennis yarışlarında ölkəmizə medal qazandırmış idmançılar çıxışlarında qələbələri haqqında ətraflı məlumat veriblər.
Yığma komandaların məşqçiləri isə idmançılarımızın hazırlıq prosesi və uğurları barədə danışıblar.