ELM VƏ TƏHSİL
Əbdürrəzzaq bəy Dünbülinin “Məasiri-sultaniyyə” əsəri çap olunub

Bakı, 1 iyun, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə görkəmli tarixçi, təzkirəçi və şair Əbdürrəzzaq bəy Dünbülinin “Məasiri-sultaniyyə” əsəri işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, tarixi hadisələrin müəllif müşahidələri əsasında salnamə şəklində təqdimatının mühüm örnəklərindən biri olan bu əsəri XIX əsr daşbasma nüsxəsi əsasında farscadan Azərbaycan dilinə tərcümə edən institutun böyük elmi işçisi Rauf Şeyxzamanlıdır. Alim kitaba geniş “Ön söz” yazıb və bildirib ki, Əbdürrəzaq bəy Dünbülinin “Məasiri-sultaniyyə”si Qacarlar sülaləsinin hakimiyyətə gəlməsinə və Birinci Qacar-Rus müharibəsinə həsr edilib. Salnamədə hadisələr müəllifin şahidi olduğu faktlar əsasında qələmə alınıb və bu baxımdan kitabda təqdim olunan məlumatlar XVIII-XIX əsrlər Azərbaycan tarixini öyrənmək üçün xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, yeni nəşrin elmi redaktoru AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun Mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri tarix elmləri doktoru, professor Şahin Fərzəliyev (Şahin Fazil), elmi məsləhətçisi Əlyazmalar İnstitutunun Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi tarix elmləri doktoru, dosent Tahirə Həsənzadədir.