İQTİSADİYYAT
“Envision Energy” şirkəti ilə Azərbaycanda sıfır emissiyalı sənaye parkının yaradılması barədə müzakirələr aparılıb YENİLƏNİB


Bakı, 1 iyun, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin “Envision Energy” şirkətinin beynəlxalq işlər üzrə vitse-prezidenti Con Li ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Çinin biznes dairələri ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdiyini vurğulayıb, ölkəmizin işgüzar mühiti, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib. Qeyd olunub ki, enerji səmərəliliyinin artırılması, bərpaolunan enerji sahəsinin inkişafı ölkəmizin əsas prioritetlərindəndir. Ölkəmizdə bu sahədə ixtisaslaşan müəssisələrin qurulması məqsədilə tərəfdaşlıq üçün geniş imkanlar var.
Görüşdə bərpaolunan enerji mənbələrindən istifadə sahəsində yeni texnologiyaların tətbiqi, resurslardan səmərəli istifadə üçün innovativ mexanizmlər, sıfır emissiyalı sənaye parkının yaradılması və əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
Qeyd: Çinin “Envision Energy” şirkəti 2007-ci ildə yaradılıb və külək turbini istehsalı üzrə ixtisaslaşıb. Şirkət Çin və digər ölkələrdə külək, günəş və hidrogen enerjisi istehsalı layihələrində iştirak edir. “Envision Energy” “yaşıl” texnologiyaların inkişafı məqsədilə dünyanın bir sıra ölkələrində elmi-tədqiqat və mühəndislik mərkəzləri şəbəkəsi yaradıb.
12:00
İqtisadiyyat naziri Mikayıl Cabbarov “Envision Energy” şirkətinin nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir məlumat verib.
“Envision Energy” şirkətinin nümayəndələri ilə görüşdə bərpaolunan enerji mənbələrindən istifadə sahəsində yeni texnologiyaların tətbiqi, resurslardan səmərəli istifadə üçün innovativ mexanizmlər və ölkəmizlə əməkdaşlıq imkanları barədə müzakirələr apardıq”, - deyə nazir qeyd edib.