İQTİSADİYYAT
Metropolitendən daha bir sosial layihə









Bakı, 1 iyun, AZƏRTAC
“Bakı Metropoliteni” QSC “Heydər Əliyev İli” çərçivəsində daha bir əhəmiyyətli sosial layihə həyata keçirib. Metropolitenin “Neftçilər” stansiyası yaxınlığında yerləşən havalandırma şaxtası və onun üzərindəki köşkün əsaslı təmiri həyata keçirilib və yenidən qurulub, texniki imkanlar nəzərə alınaraq abadlaşdırılmış ərazidə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaq əyləncə və idman meydançası istifadəyə verilib. Bu isə asudə vaxtın səmərəli keçirilməsi, uşaqların əylənməsi və istirahət etməsi üçün yaxınlıqda yerləşən binaların və məhəllələrin sakinlərinə Bakı Metropoliteninin bir töhfəsidir.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, açıq hava şəraitində olan köşkün atmosfer təsirlərindən uzunmüddətli mühafizəsinin təmin edilməsi üçün tədbirlər görülüb. Buna görə də qurğunun aşağı hissəsi müasir inşaat materialları ilə yenilənərək üzlənib. Onun yuxarı metal konstruksiyası isə korroziyaya davamlı boya maddəsi ilə rənglənib. Ərazidə yeni mühafizəçi köşkü inşa olunub.
Abadlaşdırma işləri çərçivəsində ərazinin kənarında yaşıl zona yaradılıb. Burada iki söhbətgah qurulub. Şaxtanın texniki zonasındakı divarlarda müvafiq işlər aparılıb. Uşaq əyləncə və idman meydançasının qurulması üçün müvafiq relyef və hamarlama işləri icra olunub, zəruri sahələr asfaltlanıb. Əyləncə və idman qurğularının yerləşdiyi sahələrdə müvafiq konstruktiv şərait yaradılıb. Ümumilikdə, ərazidə 16 uşaq əyləncə, fitnes və idman-trenajor qurğuları yerləşdirilib. Bununla yanaşı, ərazidə qaçış zolağı ayrılıb. Şaxtanın texniki zonasının daxilində də asudə vaxtını keçirənlər üçün daha iki söhbətgah quraşdırılıb.
Ərazidə işıqlanma sistemi tamamilə yenidən qurularaq, uşaq və idman meydançasının tələblərinə uyğunlaşdırılıb. Yağıntıların yönləndirilməsi üçün drenaj sistemi qurulub.
Abadlaşdırma çərçivəsində sahədə 50 çinar ağacı əkilib.
Sanitar-gigiyena normalarının gözlənilməsi məqsədilə müvafiq profilaktik tədbirlərin aparılması üçün xüsusi iş rejimi müəyyən edilib. Bununla əlaqədar günorta və gecə saatları istisna olmaqla, uşaq əyləncə və idman meydançası sakinlərin girişi üçün açıq olacaq.