CƏMİYYƏT
Çoxmərtəbəli binada baş vermiş yanğın zamanı mənzildə olan bir nəfər xilas edilib

Bakı, 1 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonunun F.Yusifov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumat daxil olduqdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onaltımərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzilin mətbəxində başladığı müəyyənləşdirilib.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində ümumi sahəsi 57 kvadratmetr olan ikiotaqlı mənzilin mətbəxində paltaryuyan maşın və mətbəx mebeli qismən yanıb.
Yanğının digər otaqlara keçməsinin qarşısı alınıb, mənzilin böyük hissəsi alovdan mühafizə olunub.
Hadisə zamanı mənzildə olan bir nəfər xilasedicilər tərəfindən xilas edilərək ilkin yardım göstərilib və təcili tibbi yardım briqadasına təhvil verilib.