CƏMİYYƏT
“Havanı kim çirkləndirir?” şüarı ilə yeni aksiyaya start verilib

Bakı, 1 iyun, AZƏRTAC
Ətraf mühitin mühafizəsi, atmosfer havasının təmizliyinin qorunmağına dəstək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən “Havanı kim çirkləndirir?” şüarı ilə yeni aksiyaya başlanılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, layihənin əsas hədəfi ölkə ərazisində atmosfer havasına normadan artıq tullantıların atılmasına qarşı nəzarət tədbirlərini intensivləşdirmək, geniş ictimaiyyətin diqqətini və dəstəyini ətraf mühitin mühafizəsi işinə yönəltməkdir.
Ətraf mühitin qorunmasında vətəndaşların həlledici rola malik olduğunu nəzərə alaraq, bütün təbiətsevərlərdən rast gəldikləri atmosfer havasına atılan tullantılar (tüstülər) barədə nazirliyin rəsmi sosial şəbəkə hesablarının mesaj qutusuna, 168 “Çağrı mərkəzinə” və [email protected] elektron poçt ünvanına məlumat vermələri xahiş olunur. Anonimlik ETSN tərəfindən təmin olunur.
Gəlin, təmiz mühitdə yaşamaq üçün birlikdə mübarizə aparaq!