CƏMİYYƏT
Əlahiddə Ümumqoşun Orduda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
Bakı, 1 iyun, AZƏRTAC
Əlahiddə Ümumqoşun Orduda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himnimiz səsləndirilib.
Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov, Naxçıvan Qarnizonu “Nərgiz” Uşaq Bağçasının müdiri Mərcan Lalayeva və digər çıxış edənlər uşaqları təbrik edib dərslərində uğurlar arzulayıblar. Bildirilib ki, 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü uzun illərdir bütün dünyada qeyd edilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.
Qeyd olunub ki, Azərbaycanda dövlətimiz tərəfindən daim uşaqlara xüsusi diqqət və qayğı göstərilir, onların sağlam ruhlu, əqidəli, bilikli, savadlı gənclər kimi yetişməsi üçün hərtərəfli şərait yaradılır. Bu qayğıdan bəhrələnən Naxçıvan Qarnizonu tam orta məktəbin şagirdləri də təhsildə hər zaman uğur qazanır, keçirilən fənn olimpiadalarında, bilik yarışlarında və imtahanlarda yüksək nəticələr əldə edirlər.
Tədbirin bədii hissəsində Ümummilli Lider Heydər Əliyevin uşaqlara sevgisindən bəhs edən videoçarxa baxış olub.
Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri və “Nərgiz” uşaq bağçasının fidanları şeir və mahnılar səsləndirib, musiqi nömrələri ilə ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Sonda Naxçıvan Qarnizonu tam orta məktəbinin təhsildə uğur qazanan bir qrup şagirdi və onların müəllimləri fəxri fərmanla mükafatlandırılıb.