ELM VƏ TƏHSİL
Ədəbiyyatşünaslığımızın parlaq siması – Şirindil Alışanlı

Bakı, 2 iyun, AZƏRTAC
Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr sovet dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Şirindil Alışanlının 70 illik yubileyi münasibətilə “Şirindil Alışanlı – 70” kitabı işıq üzü görüb. Kitaba Şirindil Alışanlı haqqında mətbuatda dərc edilmiş məqalələr, əsərləri haqqında rəylər, həmçinin məktub və təbriklərdən seçmələr, ona həsr edilmiş bədii nümunələr və alimin biblioqrafik göstəricisi daxil edilib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Beynəlxalq Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Ədəbiyyatşünaslığımızın parlaq siması – Şirindil Alışanlı” başlıqlı məqaləsində yer alıb. O bildirib ki, kitab akademik İsa Həbibbəylinin “Ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqidin qovşağında” adlı “Ön söz”ü ilə başlayır. “Ön söz”də deyilir: “Azərbaycan ədəbiyyatşünaslığında poetika məsələlərinin kompleks şəkildə araşdırılmasına da Şirindil Alışanlı əhəmiyyətli töhfələr vermişdir. Azərbaycan ədəbiyyatının tarixi poetikası” adı ilə nəşr etdirdiyi bir neçə məqalələr toplusu ədəbi-nəzəri fikrimizin nadir poetikaşünaslıq külliyyatlarıdır. Ədəbi janr haqqındakı araşdırmaları poetika konsepsiyasını zənginləşdirən və tamamlayan nəzəri baxışlardan ibarətdir”.
V.Əhməd vurğulayıb ki, professor Şirindil Alışanlı elmin zirvəsini fəth etmiş peşəkar, ədəbiyyatşünas alimdir. O, çox sayda alimlər yetişdirib, xüsusilə də bədii yaradıcılığın metod problemlərinin tədqiqi ilə məşğuldur. Şirindil müəllim ədəbiyyatşünaslığımızın ən parlaq simalarından biridir.
“Əqidəsinə, amalına sadiq, sözübütöv, mərd insan olan Şirindil Alışanlı son dərəcə pozitiv enerjiyə malik bir insandır. Tanınmış ziyalı ətrafındakı insanlarla xoş rəftarı, ünsiyyət bacarığı, yüksək mədəniyyəti, prinsipiallığı, gələcəyə yüksək inam hissi ilə diqqəti cəlb edir. Yaxından tanıyanlar Şirindil müəllimə böyük hörmət və rəğbət hissi ilə yanaşır, onu təşəbbüskar, qayğıkeş və yaradıcı şəxsiyyət kimi qəbul edirlər. Azərbaycan xalqı belə nəcib, xeyirxah, mərd şəxsiyyətləri ilə daim qürur duyub, onları özünün milli sərvəti sayıb. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 5 monoqrafiyanın, 200-dən artıq məqalənin müəllifi Şirindil müəllim Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafına sanballı töhfə vermiş, barmaqla sayılası alimlərdən biridir. Şirindil Alışanlının elmi fəaliyyət dairəsi genişmiqyaslıdır. Onun “Sözün estetik yaddaşı!”, “Romantizm: mübahisələr, həqiqətlər” (rus dilində), “Ədəbi-bədii düşüncənin sərhədləri”, “Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı”, “Ədəbi-nəzəri fikrin tarixiliyi və müasirliyi” və s. bu qəbildən monoqrafiyaları nəzəri-elmi səviyyəsi ilə fərqlənən, müasir, çağdaş filoloji mühitdə elmi-estetik təfəkkürü zənginləşdirən, inkişaf etdirən və dost-düşmən qarşısına çıxarmağa layiq əsərlərdir”, - deyə V.Əhməd əlavə edib.
Şirindil Alışanlı yarım əsrə yaxındır ki, ədəbi-elmi yaradıcılıqla yanaşı, milli-mənəvi irsimizin nəşri və təbliği sahəsində səmərəli fəaliyyət göstərir. O, “Sabah” nəşriyyatının təsisçisi, “Elm” qəzetinin baş redaktoru (1993-1998) kimi klassik və müasir ədəbiyyatımızın, tarixi və dini mənbələrimizin onlarca nümunəsini nəşr edib. Onun təşkilatçılığı ilə yaradılmış “Elm” redaksiya, Nəşriyyat və Poliqrafiya Mərkəzi Azərbaycan elmi və mədəniyyəti sahəsində XX əsrdə elmi axtarışların yekunu olan onlarca çoxcildliklər, sanballı monoqrafiya, lüğətlər çap edib.