ELM VƏ TƏHSİL
“Böyük Qafqaz təbii vilayətinin amfibiləri” kitabı çap olunub

Bakı, 2 iyun, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının aparıcı elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Gülbəniz Qasımovanın “Böyük Qafqaz təbii vilayətinin amfibiləri” adlı monoqrafiyası çap olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada Böyük Qafqaz təbii vilayətində yayılan amfibilərin növ müxtəlifliyi, morfologiyası, mövsümi və gündəlik aktivliyi haqqında məlumat verilir, onların say və sıxlığına təsir edən amillər təhlil edilir. Eyni zamanda, amfibilərin biosenozda rolu, elmi-praktik əhəmiyyəti haqqında oxucuya məlumatlar təqdim olunur. Kitabda. həmçinin tədqiqatlar zamanı çəkilmiş amfibilərə aid orijinal şəkillər verilib.
Kitab biologiya sahəsində çalışan mütəxəssislər, Biologiya fakültəsinin müəllim və tələbələri ilə yanaşı, həvəskar təbiətsevənlər üçün nəzərdə tutulub.