SİYASƏT
Kütləvi məzarlıqlar ermənilərin vətəndaşlarımıza qarşı törətdikləri cinayətlərin sübutudur – İctimai fəal

Bakı, 4 iyun, AZƏRTAC
Adətən, ağır müharibə cinayətlərindən danışanda İkinci Dünya müharibəsi yada düşür. Amma düşünürəm ki, həmin dövrdə faşistlərin törətdikləri cinayətlər ermənilərin Azərbaycan vətəndaşlarının başına açdıqları müsibətlərin yanında heç nədir. Vətən müharibəsindən sonra bir-birinin ardınca aşkarlanan kütləvi məzarlıqlar Ermənistanın təcavüzkar olmaqla bərabər, həm də barbar dövlət olduğunu sübut etdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının İdarə Heyətinin üzvü, ictimai fəal Nərgiz Xələf söyləyib.
İctimai fəal bildirib ki, 30 il bundan əvvəl mülki əhaliyə, hərbçilərimizə qarşı törədilən vandallıq heç bir insanlığa və müharibə qaydalarına sığmır. “Birinci Qarabağ müharibəsinin iştirakçıları ilə görüşlərimdə ermənilərin vəhşilikləri, insanlarımıza qarşı törətdikləri cinayətlər barədə çox eşitmişəm. Xocalıdan olan məcburi köçkünlərlə söhbətlərimdə onların danışdıqlarını həzm etmək çox çətin idi. Adam dəhşətə gəlir. Nə olsun ki, ermənidir, bu qədər vəhşilikmi olar?”, - deyə N.Xələf bildirib.
Qeyd edilib ki, əvvəlcə Başlıbel, Fərrux, Edillidə kütləvi məzarlıqlar aşkar edildi. İndi də Şuşada tapılan insan qalıqları adamı dəhşətə gətirir. Günahsız insanlara qarşı amansızcasına törədilən bu cinayət soyqırımından başqa bir şey deyil.
“Vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq vaxtilə Avropa ölkələrinə səfərlər zamanı ermənilərlə təmaslarda olmuşuq. Bu millətin gənc nümayəndələrinin necə vəhşi, barbar olduqlarının şahidi olmuşuq. Hətta bu gənclərin zorakılığına məruz qalmışıq.
Ermənistan 30 il ərzində xalqımıza qarşı törətdiyi cinayətlərə və kütləvi məzarlıqlara görə Azərbaycana cavab verməlidir və biz buna da nail olacağıq”, - deyə Nərgiz Xələf əminliklə bildirib.