REGİONLAR
“Təmiz ekologiya sağlam həyatımızın zəmanətidir” - Yevlaxda təmizlik aksiyası




Yevlax, 5 iyun, AZƏRTAC
5 İyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə Yevlaxda “Təmiz ekologiya sağlam həyatımızın zəmanətidir” adlı təmizlik aksiyası keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada məqsəd ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, əhalinin tullantıların düzgün idarə edilməsi ilə ətraf mühitin neqativ təsirlərdən qorunması istiqamətində maarifləndirilməsi, o cümlədən insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunun artırılması və bu sahədə ictimaiyyətlə əməkdaşlığın gücləndirilməsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional İdarəsinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Regional İdarəsinin, Yevlax Suvarma Sistemləri İdarəsinin əməkdaşlarının iştirak etdiyi aksiyada əvvəlcə tullantılarla çirkləndirilmiş əraziyə ümumi baxış keçirilib. Sonra Kür çayı sahili boyu ərazinin təmizlənməsinə start verilib. Tullantıların toplanması prosesini daha effektiv təşkil etmək məqsədilə əraziyə xüsusi texnika da cəlb olunub.
Daha sonra toplanan tullantılar aidiyyəti üzrə təhvil verilib.
Təmizlik aksiyasının məqsədi barədə danışan Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Tofiq Əsgərov bildirib ki, aksiya üçün Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi önəmli bir tarixin seçilməsi təsadüfi deyil. Bu tədbir təbii sərvətlərimizin, təbiətimizin və ümumən bizləri əhatə edən sağlam ekoloji mühitin qorunması naminə vətəndaş məsuliyyətinin gücləndirilməsi üçün hər kəsə bir ismarış, bir ciddi çağırışdır. Tofiq Əsgərov gözəlliklər içində sağlam həyat tərzi sürməyin əsas yolunun yaşadığımız mühitin qorunmasından və ekoloji cəhətdən təmiz saxlanılmasından keçdiyini vurğulayıb.