İQTİSADİYYAT
Çex iş adamlarının Azərbaycan KOB-ları ilə əməkdaşlıq imkanları müzakirə edilib

Bakı, 5 iyun, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) xarici və yerli şirkətlər arasında əməkdaşlıq qurmaq, onların Azərbaycanın KOB subyektləri ilə əlaqələrinin genişləndirilməsi imkanlarını müzakirə etmək üçün ölkəmizə səfərə gələn xarici ölkələrin biznes missiyaları və iş adamları ilə mütəmadi olaraq görüşlər keçirir.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, növbəti belə görüş ölkəmizdə səfərdə olan çexiyalı investorlardan ibarət nümayəndə heyəti ilə təşkil edilib. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun və Çexiyanın “Czech Engineering” şirkətinin baş direktoru Milan Pavlicekin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə ölkəmizdəki əlverişli investisiya mühiti, KOB-lara dəstək, KOBİA-nın fəaliyyəti barədə məlumat verilib, yerli KOB-larla əməkdaşlıq imkanları müzakirə edilib.