İQTİSADİYYAT
“TA Ventures” şirkəti ilə yerli startapların maliyyələşdirilməsi sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb

Bakı, 5 iyun, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “TA Ventures” şirkətinin təsisçisi və idarəedici tərəfdaşı Viktoriya Tigipko ilə görüşüb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə qurumun fəaliyyəti, o cümlədən startaplarla iş sahəsində gördüyü tədbirlər haqqında məlumat verilib, Agentliyin “TA Ventures” şirkəti ilə yerli startapların maliyyələşdirilməsi sahəsində əməkdaşlıqda maraqlı olduğu vurğulanıb. Görüşdə “Startap” şəhadətnaməsi almış KOB subyektləri ilə bağlı məlumat mübadiləsi və onların şirkətlə əlaqələndirilməsi, ölkəmizdə müxtəlif qrant proqramlarından faydalanmış layihələrin əlavə maliyyələşdirilməsi imkanları müzakirə edilib.