İQTİSADİYYAT
Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin üzvləri ilə görüş

Bakı, 5 iyun, AZƏRTAC
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev Tbilisidə Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri ilə görüşüb.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı Yusif Abdullayev təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib, AZEBİ kimi qurumların Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələrin inkişafına töhfə verdiyini qeyd edib. O, praktiki nəticələrin əldə olunması üçün bu cür görüşlərin daha geniş tərkibdə keçirilməsinin vacibliyini vurğulayıb. Qeyd edilib ki, AZPROMO AZEBİ-nin üzvlərinə yerli məhsullarımızın Gürcüstanda “Made in Azerbaijan” milli brendi adı altında çıxarılmasına, sahələr üzrə iki şirkətin əlaqələndiricisi qismində, eləcə də digər lazımi dəstək tədbirləri göstərməyə hazırdır.
Görüşdə, həmçinin AZEBİ-nin üzvlərinin qarşılaşdıqları məsələlər və onların aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb, sahibkarların sualları cavablandırılıb. Analoji görüşlərin mütəmadi keçirilməsinə dair ilkin razılıq əldə olunub.