ELM VƏ TƏHSİL
Qonaqotunun Abşeron şəraitində toxumla çoxaldılması öyrənilib

Bakı, 5 iyun, AZƏRTAC
Eksperimental tədqiqat nəticəsində qonaqotunun (Passifloraceae Juss. fəsiləsinin Passiflora L cinsinə aid P.incarnata L. növün) Abşeron şəraitində toxumla çoxaldılması öyrənilib. Məlum olub ki, toxumların stratifikasiyası və skarifikasiyası dinclik dövrünün qısaldılmasında və toxumların cücərməsində əsas amildir.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun Sənaye əhəmiyyətli bitkilər laboratoriyasının müdiri biologiya elmlər doktoru Zümrüd Məmmədova bildirib. Onun sözlərinə görə, toxumların cücərməsini müəyyənləşdirən faktorlar arasında temperatur və işıq əsas amillərdən biridir. Bu növün toxumları qapalı şəraitdə 30-35 dərəcə temperaturda qısa müddət (6-7 gün) ərzində cücərmə verir və cücərmə 85 faiz təşkil edir. Vegetasiyanın sonunda bitkinin orta hündürlüyü 80-100 sm olur.
Alim vurğulayıb ki, Abşeron şəraitində cücərtilərin inkişafı oktyabrın üçüncü ongünlüyünə qədər davam edir. P. incarnata L. növün Abşeronda introduksiyası gələcəkdə ölkəmizin dərman xammal bazasının yaradılmasında mühüm rol oynayacaq və dərman istehsalında xarici ölkələrdən asılılığının qarşısını alacaq. Apardığımız tədqiqatın məqsədi ölkəmizdə çox da tanınmayan unikal tərkibə malik Passifloraceae fəsiləsinə aid bəzi perspektivli növlərin respublikamızda yetişdirilməsinə nail olmaqdır. Passifloraceae fəsiləsinə aid olan bitki Azərbaycanda saat çiçəyi, qonaqotu, Türkiyədə isə çarkifelek adı ilə tanınır. Bu, Passifloraceae fəsiləsinin dərman əhəmiyyətli növü olub, XV əsrdən bu yana dünya tibbində istifadə edilir.
“Tədqiqatın nəticələri onu deməyə əsas verir ki, temperaturun artması (35˚) bu növün cücərməsinin sürətini artırır. Temperatur P.incarnata L. üçün vacib faktorlardan biridir. Aparılan tədqiqatlardan məlum olub ki, P.incarnata L. növün Abşeron şəraitində toxumla çoxaldılması məqsədəuyğundur. Dərman əhəmiyyəti ilə yanaşı, sarmaşan gövdəyə və gözəl çiçəklərə malik olduğundan park və bağlarda müxtəlif kompozisiyaların tərtibatı üçün də əlverişlidir.