DÜNYA
Gürcüstan Cənubi Qafqazda sabitliyin və sülhün bərqərar olması üçün səylərini davam etdirir

Tbilisi, 8 iyun, AZƏRTAC
Mürəkkəb geosiyasi vəziyyət fonunda Gürcüstan öz xarici siyasət prioritetlərinə sadiqliyini qətiyyətlə saxlayır. Eyni zamanda, Cənubi Qafqazda sabitliyin mühüm dayağı olaraq qalır və bu, Azərbaycan və Ermənistan arasında sülh vasitəçiliyi məsələsində də özünü göstərdi.
Gürcüstan parlamentinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Fransa Milli Assambleyasının Xarici Əlaqələr Komitəsində dinləmələrdə çıxışı zamanı söyləyib.
Ş.Papuaşvili deyib ki, Gürcüstan beynəlxalq təhlükəsizlik məsələlərində NATO və Avropa İttifaqının etibarlı tərəfdaşı olaraq qalır.
Regional enerji və nəqliyyat layihələrindən danışan Ş.Papuaşvili deyib: “Gürcüstan hökuməti enerji, yük daşımaları və rəqəmsal kommunikasiyaların tədarükü ilə bağlı alternativ marşrutların açılması və Qara dənizdə əlaqəni yaxşılaşdırmaq üçün Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı davam etdirməyə hazırdır. İnanırıq ki, bu əməkdaşlıq davamlı iqtisadi artıma və Avropanın sabitliyinə töhfə verəcək”.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra enerji təchizatının şaxələndirilməsi Avropa üçün kəskin problemə çevrilib. Gürcüstan bu problemin həllində mühüm addımlar atır. Avropanın alternativ enerji təchizatı üçün ən təhlükəsiz və ən qısa marşruta çevrilə biləcək “Orta Dəhliz” layihəsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
“Aİ və Cənubi Qafqaz arasında yaşıl bərpa olunan enerjinin tranziti üçün imkanlar yaradan Qara dəniz sualtı kabel layihəsi enerji diversifikasiyasını təşviq edən ən son layihələrdən biridir”, – deyə Papuaşvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi